Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Almaniya nümayəndə heyəti ilə görüş olub.
ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanla Almaniya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Almaniya Bundestaqının və Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Eduard Lintner bildirib ki, nümayəndə heyətində Avropa Parlamentində Almaniya Federativ Respublikasını təmsil edən deputatlar, Almaniyanın federal və torpaq parlamentlərinin deputatları, habelə nüfuzlu ictimai-siyasi xadimlər, hüquqşünaslar və jurnalistlər təmsil olunurlar.
E.Nəsirov Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdıraraq bildirib ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu ölkəmizdə qazılıb, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanılıb. Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəmərləri hazırda region və Avropa Birliyi ölkələrinin etibarlı enerji təchizatında əhəmiyyətli faktora çevrilib. Ötən dövr ərazində neft-qaz sənayesi böyük inkişaf yolu keçib, bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olub.
Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açan ARDNŞ rəsmisi qeyd edib ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb, artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin alıcıları olacaq Avropa şirkətləri ilə müqavilələrin imzalandığı qonaqların diqqətinə çatdırılıb.