İqamətgahı Massaçusets ştatının Boston şəhərində yerləşən “Global Post” xəbər portalında səfir Elin Süleymanovun müəllifi olduğu məqalə dərc edilib.
Lent.az-ın Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumatına görə,məqalədə Azərbaycanla Gürcüstanı birbaşa, eləcə də potensial olaraq Xəzər dənizi ilə Cənubi Avropanı birləşdirəcək “Cənub Dəhlizi” üçün seçilmiş TAP layihəsinin yeni coğrafi gerçəkliklər yaratdığı qeyd edili və sözügedən layihənin Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, ABŞ-ın enerji maraqları ilə uzlaşacağı vurğulanır.
Geosiyasi önəmi ilə yanaşı, iştirakçı dövlətlərin sosial-iqtisadi rifahına bilavasitə müsbət təsir edəcək təbii qaz kəmərinin inşasının Yunanıstan və Albaniyada müvafiq infrastrukturun inkişafına və yeni iş yerlərinin açılmasına təkan verəcəyi deyilir.
TAP-ın perspektivləri və yaratdığı imkanların yalnız Avropa ilə məhdudlaşmadığı, təbii qazının qlobal marketə çıxarılması, beynəlxalq enerji tələblərinin qarşılanması yolu ilə ABŞ-ın da maraqlarına xidmət etdiyi bildirilir.
Məqalənin sonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurunda və nəticədə regionun mənzərəsinin müsbət yöndə dəyişməsində ABŞ hökumətinin birmənalı dəstəyinin xüsusi rolu olduğu qeyd edilərək, reallaşdırılmaqda olan “Cənub Dəhlizi” layihəsinə də ABŞ-ın davamlı dəstəyinin vacibliyi vurğulanır.