İstehlakçıların aldadılmasının qarşısı alınıb. Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib. Belə ki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Qaradağ AND" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunub.
Yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 40kq±2% göstərildiyi halda, faktiki çəkisinin etiket göstəricisindən 2,9 kq az olduğu aşkar edilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Qaradağ AND" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.