"Dünya Bankı strateji tərəfdaş kimi Azərbaycana dəstək verəcək"
17 fevral 2016 19:11 (UTC +04:00)

"Dünya Bankı strateji tərəfdaş kimi Azərbaycana dəstək verəcək"

0

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, görüş zamanı Dünya Bankının ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək imkanları, Azərbaycan üzrə cari kredit portfeli və Mərkəzi Bank ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov qeyd edib ki, 2015-ci ildə qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, makroiqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib.

 

E. Rüstəmov bildirib ki, ölkə prezidentinin rəhbərliyi ilə ölkədə orta müddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir.

 

Nümayəndə heyətinin rəhbəri M.Tembo Azərbaycanın, o cümlədən Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. O deyib ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inkluziv və dayanıqlı iqtisadi artımı, qeyri-neft sektorunun inkişafı üçün mühüm dəstək olacaq. Sənədin ölkəmizin orta və uzun müddətli strateji baxışına söykəndiyini qeyd edən xanım Tembo hazırkı mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımı dəstək verəcəyini əminliklə vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar