“APA-Economics”in “Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, layihənin reallaşdırılması, eləcə də Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi qrafikdə nəzərdə tutulduğu vaxtı qabaqlayır: “TANAP inşa olunur. Artıq bu layihə üçün 2,5 milyard dollar xərclənib. Tender yekunlaşıb və inşa işləri və boruların tədarükü ilə bağlı 6 milyard dollar dəyərində müqavilə imzalanıb. Boruların qəbuluna hazırlıq görülür. Çox güman ki, iyulda ilk qaynaq işlərinə başlanılacaq. Bizim fikrimizcə, 2018-ci ilin birinci rübündə “Şahdəniz”dən ilk qaz Türkiyəyə çatdırılacaq”.
“Şahdəniz” və TANAP layihəsi üzrə işlərin qrafiki qabaqladığını vurğulayan R. Abdullayev əlavə edib ki, maliyyələşmə ilə bağlı problem yoxdur. “Dövlət bizə kömək edir”, - deyə o qeyd edib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə tikinti işlərinin 2019-cu ildə başa çatacağı gözlənilir. TANAP-TAP qaz kəmərləri sistemi ilə Azərbaycanın “Şahdəniz” yatağından başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın cənubuna qədər uzanacaq. Bu qaz kəmərləri ilə Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qaz nəql olunacaq.
Layihənin dəyəri 45-48 mlrd. dollar dəyərində qiymətləndirilir.