Azərbaycan hökumətinin 14 beynəlxalq maliyyə institutu ilə birgə əməkdaşlığı nəticəsində ümumi dəyəri 7,2 milyard dollar olan 41 layihə icra olunur. Lent.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
O qeyd edib ki, bu layihələr nəqliyyat, su təchizatı və kanalizasiya, enerji, kənd təsərrüfatı, maliyyə, ekologiya və digər sahələri əhatə edir.
Ş. Mustafayevin sözlərinə görə, ölkəmizin cari kredit portfelində Dünya Bankının payı 35%-ə, Asiya İnkişaf Bankının payı 16%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı 10%-ə, İslam İnkişaf Bankının payı isə 6%-ə bərabərdir.
Nazir Ş. Mustafayev onu da qeyd edib ki, Azərbaycan beynəlxalq donor təşkilatları ilə də fəal əməkdaşlıq edir. Hazırda 20 beynəlxalq donor təşkilatı ilə birlikdə idarəetmə, ədliyyə, kənd təsərrüfatı, regional inkişaf, nəqliyyat, su təchizatı və digər sahələrdə təqribən 200 milyon ABŞ dolları dəyərində 70 layihə icra olunur.