Dövlət başçısı qeyd edib ki, Azərbaycanın uğurlu neft-qaz siyasəti artıq nəinki bölgə ölkələrində, eyni zamanda, Avropa qitəsində enerji məsələlərinin həllinə də öz töhfəsini verəcək. Bu günə qədər neft-qaz sahəsində bir dənə də olsun səhv addım atılmadığını deyən prezident 20 il ərzində Azərbaycanın neft-qaz potensialının çox inkişaf etdiyini vurğulayıb: “Biz son illər ərzində elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişik. Bununla bərabər, bu gün iqtisadi siyasətimizin əsas hissəsi qeyri-neft sektorunun inkişafıdır”.
İlham Əliyev həmçinin Azərbaycanın müxtəlif istiqamətlər üzrə mərkəzə çevrilməsi üçün səylər göstərilməsinin vacibliyini önə çəkib. Artıq buna nail olunduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın enerji, iqtisadi, sənayə, nəqliyyat mərkəzidir, habelə dinlərarası münasibətlər və tolerantlıq mərkəzidir.
“Bu gün bizim iqtisadi baxışlarımız, iqtisadi siyasətimiz, investisiya planlarımız artıq bölgə hüdudlarından kənara çıxıb. Azərbaycan beynəlxalq təşkilatlara da öz vəsaitini ayırır, donor kimi öz fəaliyyətini təmin edir. Bu gün Azərbaycan öz investisiyalarını başqa bazarlara, başqa iqtisadiyyatlara yatırır ki, gələcəkdə bundan həm iqtisadi, həm siyasi cəhətdən daha da böyük səmərə görsün”, - deyə o vurğulayıb.