«PayPoint»lərdə yaranan problemin səbəbi məlum oldu
24 dekabr 2012 16:28 (UTC +04:00)

«PayPoint»lərdə yaranan problemin səbəbi məlum oldu

Dünəndən etibarən Bakı şəhərində «PayPoint» köşklərində qaz pulu üçün ödəmələrlə bağlı yaranan çətinliklərin səbəbi "Azəriqaz"ın ödəmə sistemindəki problemlərdir.  Bu barədə «APA-Economics»ə «PayPoint» köşklərinin idarəçisi olan «Komtec» şirkətindən bildirilib.

 

 

Şirkətin əlaqə mərkəzi qrupunun rəhbəri xanım Şirin Məmmədyarova bildirib ki, hazırda köşklərdə ödəmə ilə bağlı əsas çətinlik «smart kart»lar üzrə ödəmələrdə müşahidə olunur: «Bunun səbəbi də "Azəriqaz"ın sistemində olan nasazlıqdır».

 

 

Bəzi köşklərdə qəbzin alınması ilə bağlı problemlərin olduğunu da bildirən Ş.Məmmədyarovanın sözlərinə görə, belə hallarla rastlaşan abunəçilər qəbzi əldə etmək üçün əlaqə mərkəzinə zəng edə bilər (*0010-ə) və ya mərkəzi ofisə yaxınlaşıb qəbzi ön masa operatorlarından ala bilərlər: «Qəbzin surətinin elektron ünvana göndərilməsi də mümkündür».

 

"Azəriqaz"ın «Azəriqaz» İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Birliyin ödəniş sistemində texniki xarakterli nasazlıqların olmasını təsdiqləyib. Onun sözlərinə görə, hazırda problemlərin həlli istiqamətində iş aparılır: «Problemin böyük hissəsi aradan qalxıb, yaxın vaxtlarda məsələ tam həllini tapacaq».

 

A.Ağayevin sözlərinə görə, çətinliklərin yaranmasının səbəbi son vaxtlar «smart kart»lar üzrə ödənişlərin kəskin artması ilə bağlıdır. «Azəriqaz» İB-nin nümayəndəsi ödəmə köşklərində problemlərlə rastlaşmış abunəçilərə qaz pulu üzrə ödənişləri onlayn qaydada və ya müvəkkil banklar vasitəsi ilə həyata keçirməyi tövsiyə edib.

 

# 1737
avatar

Oxşar yazılar