“Zolotaya Korona” Dağlıq Qarabağa əməliyyatlar keçirirmi? - <span style="color:red;">ARAŞDIRMA
14 aprel 2014 16:14 (UTC +04:00)

“Zolotaya Korona” Dağlıq Qarabağa əməliyyatlar keçirirmi? - ARAŞDIRMA

 “Zolotaya Korona” (Rusiya) beynəlxalq pulköçürmə sistemi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində əməliyyatlar həyata keçirir.


 

Bu barədə “APA-Economics”ə daxil olan məktubda deyilir.

 

Məktub Fariz Muradov (AZ 1007, Bakı şəhəri, Abbas Səhhət küç. 24 ünvanından) adlı şəxs tərəfindən göndərilib.

 

Məktubda bildirilir: “Diqqətinizə çatdırmaq istərdim ki, “Zolotaya Korona” pulköçürmə sistemi Azərbaycan Mərkəzi Bankının tələblərini pozaraq işğal altında olan Dağlıq Qarabağ ərazisinə əməliyyatlar həyata keçirir. Buna sübut olaraq “Zolotaya Korona”nın ödəniş terminalları və “AK BARS” (Rusiya) bankı vasitəsilə həyata keçirilən əməliyyatların qəbzlərini də sizə təqdim edirəm. Qəbz üzərində göstərilib ki, əməliyyatlar Stepanakert (Xankəndi - red.) şəhərinə həyata keçirilir. Şəhər isə Ermənistanın tərkibində göstərilib. Nəzərə alsaq ki, “Zolotaya Korona” Azərbaycan Mərkəzi Bankının tələbləri haqqında xəbərdar idi, bu fakt cəzasız qalmamalıdır, sistemin Azərbaycan ərazisində fəaliyyətinə son qoyulmalıdır”.

 

Onu da qeyd edək ki, məktub rusca yazılıb (foto - 1).

 

Məktubdan məlum olur ki, əməliyyatı həyata keçirən Roqaçov İlya Oleqoviç adlı şəxsdir. Onun göndərdiyi 1 000 rus rublu isə Xankəndidə Badalyan Samvel Aşotoviçə çatıb. Əməliyyatın qəbzi məktuba tikilib (foto - 2, 3, 4 və 5). Qəbzin üzərində “AK BARS” bankının möhürü də var.

 

“Zolotaya Korona” şirkətinin mətbuat xidmətinin rəhbəri Kirill Qorelov “APA-Economics”ə açıqlamasında bildirib ki, yaranmış vəziyyət sağlam rəqabət apara bilməyən şirkətlərin təxribatıdır: “Təəssüflər olsun ki, “APA-Economics”in redaksiyasına göndərilən məktub son dərəcə xoşagəlməz təxribatdır. Bu, haqsız rəqabət faktını şirkətimizin Azərbaycan bankları ilə əməkdaşlığına ziyan vurma cəhdi kimi dəyərləndiririk. Ermənistan Mərkəzi Bankının 2012-ci ilin sonunda çıxardığı qərara əsasən, bu ölkənin bütün bakları “Zolotaya Korona” ilə əməkdaşlığı dayandırıb (Ermənistan Mərkəzi Bankı “Zolotaya Korona”dan Dağlıq Qarabağa da əməliyyatlar həyata keçirməsini tələb edib, lakin rədd cavabı alıb - red.). Əməliyyatı həyata keçirən şəxs (Roqaçov İlya Oleqoviç - red.) bizimlə rəqabətdə olan “Contact” pulköçürmə sisteminin əməkdaşıdır. Dünən (şənbə - red.) biz “Contact”ın baş ofisinə zəng etmişik və həmin şəxslə bizi calaşdırıblar”.

 

K.Qorelov daha bir maraqlı məqama toxunub. Belə ki, “AK BARS” bankdan “Zolotaya Korona” vasitəsilə Rusiya, MDB ölkələrinə (Ermənistandan başqa) və Türkiyəyə pul köçürmək mümkündür. Bankın saytında buna sübut da var - (http://www.akbars.ru/individuals/transfers/).

 

Maraqlı bir vəziyyət yaranır: təxribat olsa da, olmasa da, əməliyyat baş tutub. Özü də erməni işğalçılarının Stepanakert adlandırdığı əraziyə. Bu sualımız isə K.Qorelovu çox düşündürsə də, cavabı eşitmədik.

 

“Zolotaya Korona” nümayəndəsinin dediklərinin həqiqət olub-olmadığı dəqiqləşdirmək üçün Roqaçov İlya Oleqoviçlə (məktubda onun mobil telefon nömrəsi kimi +79168470366 göstərilib – red.) əlaqə saxlasaq da, zənglərimiz cavabsız qalıb.

 

“Contact” sistemindən və Azərbaycanın Mərkəzi Bankından məsələyə münasibət bildirmək istəməyiblər.

 

# 989
avatar

Oxşar yazılar