“Kimya Sənaye Parkının yaradılması sənaye potensialımızı gücləndirəcək”
04 oktyabr 2013 00:05 (UTC +04:00)

“Kimya Sənaye Parkının yaradılması sənaye potensialımızı gücləndirəcək”

"Kimya Sənaye Parkının yaradılması Sumqayıtın inkişafına böyük təkan verəcək. Burada minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaq, onlarla yeni müəssisə yaradılacaq".

 

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində inşaatçılarla görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, burada müəssisələrin hamısı yüksək standartlara uyğun olacaq, ən yüksək ekoloji standartlar burada tətbiq ediləcək.

 

Prezident xatırladıb ki, təqribən 200 hektara yaxın bu ərazi ekoloji fəlakət ərazisi idi: “Burada ekoloji normalara riayət edilib. Demək olar ki, bu ərazinin təmizlənməsi böyük bir qəhrəmanlıq idi. Ancaq biz bunu təmizlədik. Ekoloji cəhətdən tam təmiz ərazidir. Burada Azərbaycanı və Sumqayıtı gələcəkdə sənaye mərkəzi kimi təsdiqləyən onlarla müəssisə yaradılacaq. Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafı təmin ediləcək”.

 

Prezident İlham Əliyevin sözlərinə görə, bu gün tarixi gündür: “Çünki Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasətimiz uğurla davam etdirilir. Qeyri-neft sənayesinin inkişafı prioritetdir. Bu ilin doqquz ayının nəticələrinə görə qeyri-neft sektorumuz 10 faizdən çox artıb”.

 

Dövlət başçısı qeyd edib ki, Kimya Sənaye Parkının yaradılması sənaye inkişafının yeni mərhələsi olacaq: “Bu müəssisələr və Sumqayıt Kimya Sənaye Parkının yaradılması və inkişafı ölkəmizin sənaye potensialını gücləndirəcək. Burada yeni iş yerləri, ən yüksək standartlara cavab verən müəssisələr yaradılacaq, müasir avadanlıq quraşdırılacaq, ixracyönümlü məhsullar istehsal olunacaq. Buraya qoyulacaq investisiyaların həcmi milyardlarla ölçülür. Burada həm dövlət investisiyaları olacaq, çünki Dövlət Neft Şirkəti artıq ilkin investisiya layihələrini icra edir. Eyni zamanda, daha da çox özəl sektor burada öz investisiyalarını qoyacaq. Biz bütün investorları - daxili və xarici investorları buraya dəvət edirik”.

 

Prezident investorlara müraciət edərək, Azərbaycanda çox gözəl investisiya iqliminin olduğunu qeyd edib: “İnvestisiyalar dövlət tərəfindən qorunur. Azərbaycanda genişlənən daxili bazar var. Eyni zamanda, burada istehsal ediləcək məhsullar ixrac üçün də yararlı olacaq.

Burada xüsusi güzəştlər, xüsusi vergi qaydaları tətbiq ediləcək. Buraya investisiya qoyan şirkətlər ən gözəl şəraitlə təmin ediləcək və böyük həcmdə investisiya qoymaq istəyən üçün böyük güzəştlər olacaq”.

 

Prezident İlham Əliyev bu layihənin çox gözəl gələcəyi olacağına əmin olduğunu bildirib: “Çünki bu günə qədər bizim təşəbbüsümüzlə reallaşan bütün layihələr uğurla icra edilib. Bir dənə də həyatda öz əksini tapmayan təşəbbüsümüz olmayıb. Bütün təşəbbüslər nəticədə çox gözəl inkişafa gətirib çıxarır”.

 

“Bu gün tarixdə qalacaq. Sumqayıtın yeni sənaye inkişafı günüdür. Sumqayıtın böyük, müasir sənaye şəhəri olmasının başlanması günüdür. Əminəm ki, gələcəkdə biz burada yaradılacaq bütün müəssisələrin açılışlarında iştirak edəcəyik.

Hesab edirəm ki, gələcəkdə bax bu 200 hektara yaxın olan ərazi də bizə kifayət etməyəcək. Çünki həm daxili, həm xarici investorlar buraya gələcəklər, burada işləyəcəklər, investisiyalar qoyacaqlar, görəcəklər ki, bu investisiyaların nə qədər gözəl səmərəsi var. Beləliklə, Sumqayıt bundan sonra daha da böyük sənaye şəhərinə çevriləcək”, deyə Prezident İlham Əliyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504
avatar

Oxşar yazılar