“Milli Məclisin Aqrar Məsələlər Komitəsi ənənəvi olaraq kənd təsərrüfatı ilə bağlı qanunvericilik işləri ilə məşğuldur”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az-a müsahibəsində Komitənin sədri Eldar İbrahimov bildirib.
E. İbrahimov qeyd edib ki, payız sessiyası dövründə komitənin 4 iclası keçirilib: “Bu iclaslarda 11 məsələyə, o cümlədən, 9 qanun layihəsinə baxılıb. Komitənin təqdim etdiyi 7 qanun layihəsi Milli Məclisdə qəbul olunub. Ötən payız sessiyasında komitəyə vətəndaşlardan daxil olan 67 müraciətə baxılıb. Eyni zamanda, komitəmizin üzvü olan millət vəkilləri xarici ölkələrə səfərlər edib, beynəlxalq qurumların tədbirlərində fəal iştirak ediblər”.
Millət vəkilinin sözlərinə görə, iclasda həmçinin, bu ilin yaz sessiyasında Aqrar siyasət komitəsinin iş planı da müzakirə edilib. “Nəzərdə tutulur ki, sessiya dövründə komitədə yeni hazırlanan “Yaşıllıqların mühafizəsi haqqında” və “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihələri Milli Məclisin plenar iclasına çıxarılsın. Sessiya ərzində yeni qanun layihələri ilə yanaşı bəzi hüquqi sənədlərə də əlavə və dəyişikliklər olunacaq”.