APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artıb: “Hesab edirəm ki, indiki zəmanədə xüsusilə dünyada hələ də davam edən böhran şəraitində bu, kifayət qədər yüksək göstəricidir və bizə imkan verir ki, biz öz investisiya proqramlarımızı da uğurla icra edək. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz artır, yüksək templərlə artır və ilin əvvəlindən bu günə qədər bu yüksək templər qorunur. Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artıb və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir. Eyni zamanda, Azərbaycanda aparılan islahatlar bu nəticəyə gətirib çıxarıb. Çünki iqtisadiyyatımızın neft-qaz amilindən asılılığı ildən-ilə daha da azalır, beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsi məsələləri də həllini tapır. Eyni zamanda, bu göstərici ona dəlalət edir ki, ölkə iqtisadiyyatı artıq bundan sonra da öz uğurlu inkişafını təmin edəcək. Çünki hazırda qoyulan investisiyalar, yaradılan yeni iş yerləri, inkişaf üçün hazır olan yeni istiqamətlər, sənaye istehsalının yeni istiqamətləri əminəm ki, gələcək illərdə də qeyri-neft sektorunun yüksək templərlə inkişafını təmin edəcək. Beləliklə, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən asılılığını gələcəkdə tamamilə aradan götürəcək. Eyni zamanda, əlbəttə ki, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin nəticəsidir. Çünki mən bu məsələlərlə bağlı fikirlərimi mütəmadi qaydada bildirirəm və qeyd edirəm ki, iqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Biz buna da nail ola bilmişik və 10,4 faiz artım bunun gözəl göstəricisidir”.
Prezident sənaye istehsalında da artımın qeydə alındığını deyib: “Kənd təsərrüfatı təxminən 5 faiz artıb və burada da gələcək artım üçün gözəl potensial var. İnflyasiya cəmi 2,3 faiz təşkil edir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 7,6 faiz artıb. Yəni, son 10 il ərzində olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyir və beləliklə, insanların rifah halının yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır. Makroiqtisadi vəziyyət sabitdir və deyə bilərəm ki, bu parametrə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu, tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir. Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcək”.
İnvestisiyaların cəlb edilməsi prosesinin getdiyini diqqətə çatdıran prezident investisiya iqliminə görə Azərbaycanın postsovet məkanında və regionda çox cəlbedici ölkə olduğunu söyləyib: “Xarici investisiyaların cəlb edilməsi nəticəsində biz 1990-cı illərin əvvəllərində çətin, ağır vəziyyətdən çıxa bilmişik. Bu gün isə xarici investorlar üçün daha da gözəl imkanlar var. Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xarici bazarlara çıxışlarımız da yaradılır. Belə olan halda xaricdən investisiyaları cəlb etmək məsələləri gələcəkdə də prioritet olaraq qalacaq. Baxmayaraq ki, hazırda Azərbaycan artıq xarici investisiyalardan asılı deyil və investisiya portfelimizdə daha çox daxili investisiyalar öz yerini tapıb. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, onlardan 10,5 milyardı daxili investisiyalar, 7,2 milyard isə xarici investorların vəsaitidir. Bu da Azərbaycan kimi ölkə üçün çox yüksək göstəricidir və əgər biz bu templəri ilin sonuna qədər saxlaya bilsək, bu il ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir, ancaq bir il ərzində. Nəzərə alsaq ki, keçən il təqribən 20 milyard, ondan əvvəlki illərdə də 20 milyarda yaxın investisiya qoyulub, təsəvvür etmək çətin deyil ki, bu, ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyət daşıyan məsələlərdir. İnvestisiyaların cəlb edilməsi Azərbaycanda uzun illər hökm sürən sabitliyin nəticəsidir. Xarici və daxili investorlar ancaq sabit olan ölkələrdə investisiyalar qoyurlar. Azərbaycana qoyulan sərmayə də artıq çoxşaxəli sərmayədir. Əgər əvvəlki illərdə - 1990-cı illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyulurdusa, indi turizm, xidmət, yüksək texnologiyalar, sənaye parklarının yaradılması məsələlərinə daha böyük diqqət göstərilir. Beləliklə, Azərbaycana xarici və daxili investisiyaların qoyulması əminəm ki, ölkə iqtisadiyyatına daha da böyük təkan verəcək”.
Dövlət başçısı ölkənin valyuta ehtiyatlarının da il ərzində artdığını qeyd edib: “Bu da hesab edirəm ki, çox yaxşı nəticədir. Çünki bizim xərclərimiz də çoxdur, büdcə xərcləri də ildən-ilə artır. Mənim tərəfimdən qarşıya vəzifə qoyulub ki, valyuta ehtiyatlarımız ildən-ilə artırılmalıdır və biz bu hədəfə çatmışıq. İl ərzində valyuta ehtiyatlarımız artmışdır və hazırda 49,4 milyard dollar təşkil edir. Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarına görə hesab edirəm ki, Azərbaycan dünya miqyasında ön sıralardadır və bu, düşünülmüş, ardıcıl siyasətin nəticəsidir. Biz əlbəttə ki, ölkə qarşısında duran vacib məsələlərin həlli üçün vəsait ayırırıq. İldən-ilə artan dövlət investisiya proqramı, xaricdən gələn investisiyalar, infrastruktur layihələrinə ayrılan vəsait bu məqsədi güdür. Eyni zamanda, biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik və büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın. Bu, bizim üçün həm təhlükəsizlik, iqtisadi və siyasi təhlükəsizlik məsələsidir, eyni zamanda, biz gələcək nəsillər haqqında da düşünməliyik və düşünürük. Gələcək nəsillər üçün elə güclü iqtisadiyyat qurub qoymalıyıq ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı heç bir problemi olmasın. Ona görə maliyyə sahəsində düşünülmüş, ölçülüb-biçilmiş addımlar və vəsaitdən qənaətlə istifadə etməyimiz strateji xarakter daşıyır. Bir daha demək istəyirəm ki, valyuta ehtiyatlarımızın artması Azərbaycanın həm dayanıqlı inkişafını təmin edir və eyni zamanda, xarici tərəfdaşlarla da münasibətlərimiz daha da yüksək səviyyəyə qalxır. Bu gün Azərbaycana istənilən həcmdə xarici maliyyə resurslarını cəlb etmək üçün heç bir problem yoxdur. Sadəcə olaraq biz xarici dövlət borcunu artırmamaq üçün bu sahədə də çox konservativ siyasət aparırıq və bu gün Azərbaycan dünya miqyasında bu göstəriciyə görə də ən qabaqcıl yerlərdədir.
Bizdə xarici borc ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir. Bəzi inkişaf etmiş ölkələrdə bu, 100 faizə yaxındır. Harada bu, 70 faizdir, hesab olunur ki, o ölkədə maliyyə vəziyyəti yaxşıdır. Azərbaycanda isə 7-8 faizdir. Bu, o deməkdir ki, biz bu gün və gələcək üçün elə güclü əsaslar yaradırıq ki, Azərbaycan heç vaxt - nə bu gün, nə 10 ildən, 20 ildən sonra borc problemi ilə rastlaşmasın. Borc problemi çox ciddi problemdir. Bu gün bəzi inkişaf etmiş ölkələrdə baş verən hadisələr məhz o əsassız borcun nəticəsidir.
Bizdə isə dövlət borcu cəmi 7-8 faizdir. Ümumiyyətlə, biz istənilən vaxt bu borcu tamamilə qaytara bilərik. Sadəcə olaraq bəzi iqtisadi və maliyyə məsələləri hələ ki, bunu diktə etmir. Ancaq biz istənilən vaxt xarici dövlət borcumuzu da sıfıra endirə bilərik. Bax, budur bizim əsas iqtisadi parametrlərimiz ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edir. Əlbəttə ki, bütün bu iqtisadi və makroiqtisadi göstəricilər özlüyündə bir göstəricidir. Amma əsas məsələ ondadır ki, bu göstəricilər insanların gündəlik həyatına, ölkəmizin inkişafına, infrastruktur layihələrinin icrasına öz təsirini göstərir. Əlbəttə ki, bizim güclü sosial siyasətimizin təməlində güclü iqtisadi siyasət dayanır. Biz bütün sosial proqramları icra edirik. Bu il maaşlar və pensiyalar artırılıb. Son 10 il ərzində maaşlar və pensiyalar dəfələrlə artırılıb. Bu il sovet vaxtından qalan əmanətlərin qaytarılması məsələləri də öz həllini tapıb. Azərbaycan dövləti sosial siyasət nümayiş etdirərək bu əmanətlərin qaytarılmasına da nail oldu. Yəni, sosial proqramların həlli daim diqqət mərkəzindədir.
Sosial infrastrukturun yaradılması da uğurla təmin edilir. Bu il 200-ə yaxın məktəb əsaslı təmir edilib, yaxud da yenidən tikilib. Bütün digər sosial obyektlər yeniləşir, müasirləşir. Azərbaycan sosial siyasətin aparılmasında da nümunə ola bilər. Bir daha demək istəyirəm ki, bu proqramın, bu siyasətin təməlində güclü iqtisadi amillər dayanır.
Biz regionların inkişafı ilə bağlı bütün hədəflərə nail ola bilmişik. Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqram artıqlaması ilə icra edilib. Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılıb ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarıb. Son məlumata görə Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür. İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaq. Yəni, biz son 10 il ərzində bu istiqamətdə də uğurlar əldə etmişik, yoxsulluğu ardıcıllıqla aşağı salmışıq. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda yoxsulluq kimi sosial problem olmamalıdır. Azərbaycanda insanlar daha da yaxşı yaşamalıdır. Bunu təmin etmək üçün sosial proqramlar əlbəttə ki, icra edilir.
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılır. Dövlət tərəfindən sahibkarlara böyük güzəştlərlə kreditlər ayrılır. Kənd təsərrüfatının inkişafı üçün çox böyük güzəştlərlə kreditlər ayrılır və infrastruktur layihələri icra edilir. İri fermer təsərrüfatlarının fəaliyyəti üçün dövlət öz üzərinə böyük vəzifələr götürüb. Suvarma ilə bağlı məsələlər, meliorasiya məsələləri – bütün bunlar sahibkarlığa dəstək və təkan verən addımlardır. İqtisadi və sosial məsələlərin kompleks şəkildə həlli əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafını şərtləndirir. Beləliklə, növbəti illərdə əminəm ki, biz bu müsbət dinamikanı qoruyub saxlaya biləcəyik. Sosial məsələlərin arasında köçkünlərin problemləri xüsusi yer tutur. Biz artıq neçə ildir ki, hər il ən azı 20 min köçkünü evlərlə, mənzillərlə təmin edirik. Yeni gözəl qəsəbələr, şəhərciklər tikilir və bu proses davam etdirilir. Növbəti illərdə də bu proqramlar Dövlət Neft Fondunun vəsaiti hesabına davam etdiriləcək”.