ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2012-ci il ərzində əhali kateqoriyasından olan 12 min 335, qeyri-əhali kateqoriyasına aid 1223 abonentə qaz təsərrüfatına müvafiq “qüsur akt”ı tərtib olunub.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 min 475 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb.
Tərtib olunmuş “qüsur aktları” əsasında itirilmiş təbii qazın bərpası üzrə 6 milyon 615 min 95 manat dəyərində dəymiş ziyan hesablanıb. 2012-ci ildə 19 min 472 istehlakçının qaz təsərrüfatında (o cümlədən, 2968 qeyri-əhali, 13 min 493 əhali), eləcə də 3011 istixana və qazpaylayıcı stansiyalardan hesabat aparılan 117 ölçü qovşağında (“ROK-407” sərfölçmə cihazında) yoxlama-təftiş işləri aparılıb. Yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 955 istehlakçıya müvafiq “qüsur akt”ı tərtib olunmuş, 1523 istehlakçının qaz sayğacı dövlət yoxlamasına göndərilib və aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib.
“Azəriqaz” tərəfindən 2202 qeyri-əhali kateqoriyasına aid istehlakçının qaz təsərrüfatına seçmə üsulla yerində baxış keçirilib, onlar abonent bazasında yeni qeydiyyata alınıb. “Azəriqaz” təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.