24 min sahibkarın vergi borcu ləğv olunub
29 dekabr 2015 18:28 (UTC +04:00)

24 min sahibkarın vergi borcu ləğv olunub

 

Vergilər nazirinin 12.11.2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb.

 

Vergilər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından, 2016-cı il yanvar ayının 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə edəcəklər. Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artıracaq.

 

Məlum olduğu kimi, Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanları tərəfindən aparılan yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir. Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən, distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər. Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində vergi ödəyiciləri tərəfindən yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərir.

 

Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin ötən 11 ayı ərzində ərzində vergi orqanları tərəfindən kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Belə ki, kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicilərinə bildiriş göndərilərək, onlar yerli vergi orqanlarına dəvət olunur və vergi ödəyiciləri tərəfindən təqdim olunan təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.

 

Vergi Məcəlləsinin 3.10.-cu maddəsinin tələblərinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə Məcəllənin 3.11.-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edildiyindən, bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.

 

Ölkədə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılıb, 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar