Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib.
Vergilər Departamentinin əməkdaşları tərəfindən Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən, fiziki şəxs Şahverənov Elnur Xanhüseyn oğlunun icarəyə götürdüyü “Optimal” kosmetika və parfümeriya mağazasında əmlakın siyahıya alınması həyata keçirilib.
Mağazanın fəaliyyəti araşdırılarkən, onun 1724 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Ona görə də mağazadakı 1790 manatlıq müxtəlif növ parfümeriya ləvazimatları siyahıya alınıb.
Həmin gün Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən fiziki şəxs Tağıyev Mahir Sərdar oğluna məxsus “Perfetto” yeməkxanasında da əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Mağazanın 1690 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki 2 min manatlıq mebel dəsti siyahıya alınıb.