66 çörək sexinin fəaliyyəti dayandırılıb
17 yanvar 2013 14:13 (UTC +04:00)

66 çörək sexinin fəaliyyəti dayandırılıb

18 ton yağ, 570 litr qabalaşdırılmış içməli su, 950 dekalitr pasterizə edilmiş çəllək pivəsi,

438 kq müxtəlif növ kolbasa məmulatları məhv edilib

 

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2012-ci ildə 1138 təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlamaların  517-si ərzaq məhsulları, 418-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 193-ü isə metroloji nəzarətlə bağlı olub.

 

Ümumilikdə aparılan yoxlamalar zamanı 833 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülüb, 833 iradnamə və 455 tələbnamə verilib, 261 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan  edilib.

 

 Unlu-qənnadı məmulatları 6, çörək məmulatları 66, dönər istehsalı 4,  toyuq əti istehsalı 2, süd məhsulları 21, alkoqolsuz içkilər 23, mebel istehsalı 1, profil istehsalı 2, tikinti materialları 4, asfalt istehsal edən 2 təsərrüfat subyektlərinə istehsalın və satışın qadağan olunması barədə tələbnamələr verilib.

 

Məhsullardan götürülən nümunələrin sınağı nəticəsində onların normativ sənədlərin tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib və bu səbəbdən ümumi dəyəri 126,874 manat olan 18 ton yağ, 570 litr qabalaşdırılmış içməli su, 950 dekalitr pasterizə edilmiş çəllək pivəsi, 60 kq Bakı paxlavası, 438 kq müxtəlif növ kolbasa məmulatları, 1050 kq qənd rafinadı, 10 056,6 litr alkoqolsuz içki dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib.

 

Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə  inzibati qaydada cərimələr tətbiq edilmiş, cərimələrin ümumi məbləği 306.500 (üç yüz altı min beş yüz ) manat təşkil edib. 48 müəssisə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilib.

 

Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 22.856 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, 768 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar