Maliyyə Nazirliyi2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.
Qurumun Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, 2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 17 mlrd. 153,2 mln. manat, xərcləri 17 mlrd. 786,8 mln. manat olub.
2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 19,438 mlrd. manat proqnoza qarşı 17 mlrd. 153,2 mln. manat və yaxud 88,2% icra olunub.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə dövlət büdcəsinə 7 mlrd. 118,2 mln. manat vəsait təmin edilib ki, bu da ötən illə müqayisədə 4,5 mln. manat və yaxud 0,1% çoxdur.
Həmin vəsaitin 70,5%-i və yaxud 5 mlrd. 18,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilə nisbətən 711,6 mln. manat və yaxud 16,5% çoxdur.
2015-ci il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 100,1% əməl edərək dövlət büdcəsinə 1 mlrd. 591,9 mln. manat vəsait təmin edilib ki, bu da 2014-cü illə müqayisədə 5,4% və yaxud 81,1 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6 mln. manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,4% və yaxud 15,3 mln. manat çoxdur.
2015-ci ildə sair daxilolmalardan nəzərdə tutulan 48 mln. manata qarşı büdcəyə 90,5 mln. manat və yaxud proqnoza nisbətən 2 dəfə çox vəsait daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 mlrd. 130 mln. manat vəsait transfert edilib.
2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 5 mlrd. 86,9 mln. manat icra olunub.
2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3% və yaxud 17 mlrd. 786,8 mln. manat icra edilib.
2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5 mlrd. 628,4 mln. manat icra olunub.
2015-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 mlrd. 361,5 mln. manatı və yaxud 58,2%-i cari xərclərə, 6 mlrd. 720,9 mln. manatı və yaxud 37,8%-i əsaslı xərclərə, 704,4 mln. manatı və yaxud 4%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət büdcəsi xərclərinin 31,9%-i və yaxud 5 mlrd. 665,9 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 188 mln. manat və yaxud 3,4% çoxdur.
Funksional təsnifata uyğun olaraq 2015-ci ildə 2014-cü illə müqayisədə nəqliyyat və rabitə xərclərinə 35,4% (31,2 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 24,4% (347,6 mln. manat), müdafiə xərclərinə 12,2% (184,7 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,2% (31,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,5% (42,9 mln. manat), səhiyyə xərclərinə 6,4% (42,9 mln. manat), təhsil xərclərinə 3,3% (51,3 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 0,2% (2,2 mln. manat) ) çox vəsait yönəldilib.
2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4 mlrd. 994,4 mln. manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1% olub.
2015-ci il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Dövlət büdcəsinin kəsiri 633,6 mln. manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.
2015-ci ilin icmal büdcəsinin gəlirləri 18 mlrd. 207,3 mln. manat, xərcləri isə 21 mlrd. 67,1 mln. manat icra olunub.