Türkiyənin Manisa Saruhan rayonunda, ABŞ-da limitli şəkildə çap edilən sertifikatlı 1 milyon dollarlıq əskinas ələ keçirilib, şübhəli 2 nəfər həbs edilib. Lent.az-ın marja.az saytına istinadən məlumatına görə, rayonun Jandarma Komandanlığı, Gölmarmara istiqamətinə gedən bir avtomobili Kumçay Körpüsü yaxınlığında dayandırıb.
Maşında olan E.K. İlə (35) F.G-nin (28) üzərində həqiqi olduğu təyin olunan sertifikatlı 1 milyon dollarlıq əskinas tapılıb. Jandarma ABŞ-da məhdud sayda çap edilən və kolleksiyaçılar ilə yanaşı böyük təşkilatların banklararası mübadilədə istifadə etdiyi 1 milyon dollarlıq əskinasa əl qoyub.
Ələ keçirilən əskinasın isə Mərkəz Bankına təhvil verilməsi üçün prokurorluğa göndəriləcəyi bildirilib.
Qeyd edək ki, sertifikatlı 1 milyon dollarlıq əskinas, 1988-ci ildə ABŞ tərəfindən prestij məqsədi ilə çap edilib. Beynəlxalq Milyonerlər Birliyi tərəfindən kommersiya uğurunun və "Amerikan yuxusu"nun rəmzi olaraq istehsal edilən 1 milyon dollarlıq əskinaslar, real pul yerinə keçməməsinə baxmayaraq, yenə də böyük dəyərə malikdir və kolleksiyaçılar arasında on minlərlə dollara əl dəyişdirir. ABŞ-da ilk 1 milyon dollarlıq əskinas, 1988-ci ildə bir çox hökumət üçün pul kəsən Amerika Əskinas Şirkəti tərəfindən çap edilib. Hər cəhətdən həqiqi pula bənzəyən əskinasın təqlid edilməməsi üçün o dövrdə həqiqi pullarda da olmayan xüsusi təhlükəsizlik tədbirləri görülüb və hər bir əskinas üçün ayrıca sertifikat çap edilib.