“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı icrası çərçivəsində daha bir TEM-2 seriyalı teplovoz Latviyada əsaslı təmir olunaraq ölkəmizə gətirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün Biləcəri lokomotiv deposunda əsaslı təmir olunmuş teplovoza baxış keçirilib.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov iştirak edib. O bildirib ki, Dövlət Proqramının tərkib hissələrindən biri də Azərbaycan Dəmir Yolunun lokomotiv parkının genişləndirilməsi üçün yeni lokomotivlərin alınması və mövcud lokomotivlərin əsaslı təmirinin aparılmasıdır. Artıq Dövlət Proqramı çərçivəsində indiyə kimi 11 lokomotiv müxtəlif ölkələrdə əsaslı təmir olunaraq istismara verilib. Bu ilin fevral-mart aylarında 5 ədəd TEM-2 seriyalı teplovoz Latviya Respublikasının “Vilnüs lokomotivlərin təmiri deposu”na əsaslı təmirə göndərilib. Həmin teplovozlardan biri - TEM -2 – 7393 (1983-cü ilin istehsalı) noyabrın 6-da ölkəyə gətirilib və teplovoz bu gün istismara verilir. Əsaslı təmir olunmuş teplovoza əvvəlkilərdən fərqli olaraq kondisioner sistemi, ön və arxa hissəsində müşahidə kamerası və soyuducu quraşdırılıb. Daha 4 ədəd teplovoz hazırda Latviyada təmirdədir.
Sonra əsaslı təmir olunmuş teplovoza baxış keçirilib.