«Royal Bank»da saxlanılan əmanətlərin yalnız 29 faizi sığortalanıb
31 iyul 2012 12:16 (UTC +04:00)

«Royal Bank»da saxlanılan əmanətlərin yalnız 29 faizi sığortalanıb

Avqustun 1-dən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu agent bankları vasitəsi ilə lisenziyası ləğv edilmiş «Royal Bank» ASC-nin əmanətləri qorunan əmanətçilərinə kompensasiyaların verilməsinə başlayacaq.

«APA-ECONOMICS»in məlumatına görə, bunu Fondun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, agent banklar qismində «Muğan Bank», «AGBank» və «Bank Respublika» seçilib.

Əmanətlərin verilməsi ərazi prinsipi üzrə bölüşdürülərək aparılacaq. Belə ki, əmanətçi əmanəti «Royal Bank»ın müvafiq filialına müraciət edərək agent bankın adını və onun hansı filiala müraciət edilməsi barədə məlumat alacaq. Sonra əmanətçi agent bankın filialına ərizə ilə müraciət edərək kompensasiyasını alacaq. Əmanətləri qorunan əmanətçilərə kompensasiyaların ödənilməsində «Royal Bank»ın 17 filialı üzrə «Muğan Bank»ın 14 filialı, 13 filialı üzrə «Bank Respublika»nın 10 filialı və 3 filialı üzrə «AGBank»ın 3 filialı iştirak edəcək.

A.Cavadov bildirib ki, ümumilikdə kompensasiya ödəniləcək əmanətlərin həcmi 17,3 mln. manat, əmanətləri qorunan əmanətçilərin sayı isə 6 422 nəfərdir. Ümumilikdə bankın əmanətlər üzrə məcmu öhdəlikləri 58 mln. manata bərabər olsa da, qorunan həcm yalnız 17 mln. manatdır (29 faiz). Xatırladaq ki, Fond tərəfindən qorunan əmanətlər üzrə illik gəlirlik 12 faizdən çox olmamalıdır, kompensasiyanın maksimal məbləği isə 30 min manatdır. A.Cavadov həmçinin bildirib ki, bu məbləğin artırılması məsələsi gündəmdə deyil, lakin ölkədə faizlərin dinamikasını nəzərə alaraq 12%-lik həddin daha da aşağı salınması məsələsi baxıla bilər.

Qeyd edək ki, «Royal Bank»ın əmanətçilərinə ödəniləcək kompensasiyanın təxminən 8 mln. manatı «Muğan Bank», 6,5 mln. manatı «AGBank», 2,8 mln. manatı isə «Bank Respublika» tərəfindən ödəniləcək.

A.Cavadov bildirib ki, plana uyğun olaraq kompensasiyaların ödənilməsi prosesi 14 günə başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar