ARDNF-in yeni inzibati binasının hündürlüyü 117 metr olacaq
23 iyul 2012 18:51 (UTC +04:00)

ARDNF-in yeni inzibati binasının hündürlüyü 117 metr olacaq

ARDNF-dan “APA-ECONOMICS”ə verilən məlumata görə, şəffaflıq prinsiplərinə riayət edən fond özündə olan bütün mühüm informasiyaları qurumun rəsmi veb-səhifəsində yerləşdirir. Eyni zamanda fonda ünvanlanan bütün sorğulara ətraflı cavab verilir.

Lakin son zamanlar ARDNF-ın fəaliyyətinə kölgə salmaq istəyənlər şəxslər tərəfindən qurumun yeni inzibati binası ilə bağlı fonda ünvanlanmış sorğulara verilmiş cavablar ictimaiyyətə səhv və təhrif olunmuş formada çatdırılıb: “Məsələyə qeyri-peşəkar şəkildə yanaşma nəticəsində “araşdırma”nı həyata keçirənlər tərəfindən reallığı əks etdirməyən, tamamilə təhrif edilmiş faktlar (məsələn, fond tərəfindən 2,6 mln. avro kimi təqdim edilən rəqəm müəllif tərəfindən 26 mln. avro kimi açıqlanıb, layihənin idarə edilməsi və məsləhətçi şirkətlə layihə-axtarış işləri üzrə cavabdeh olan şirkət eyniləşdirilib, Fondun büdcəsinin icrası proseduru yanlış təqdim edilib və s.) qeyd edilib. Bu səhvlərlə bağlı Neft Fondu tərəfindən “araşdırma”nı reallaşdıran quruma dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilib, səhvlərə dair məlumat verilib, səhvlərin düzəldilməsi üçün qurum tərəfindən mətbuatda təkzib verilməsi tələb edilib, lakin məsələ hələ də öz həllini tapmayıb. Nəticədə bu səhv informasiyalar bir sıra KİV-lər tərəfindən istifadə edilərək ictimaiyyətdə məsələyə dair yanlış fikir formalaşmasına yönəldilən yazıların yayılmasına səbəb olub”.

ARDNF bu cür yanlış və səhv məlumatların bir sıra KİV-də açıqlanmasına və bu cür qeyri-peşəkar və qeyri-ciddi insanlara istinad edilməsinə təəssüf edərək, yeni inzibati binası haqqında ictimaiyyətə ətraflı məlumat verir: “Hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 35 min 834 kvadratmetr olacaq binanın ikimərtəbəli yeraltı avtodayanacaqla birgə mərtəbələrinin sayı 26 olacaq. Layihə üzrə binada 7 liftin quraşdırılması, Heydər Əliyev Muzeyinin, 200 nəfərlik konfrans zalı, yeməkxana, kitabxana, iclas otaqları və s. tikilməsi nəzərdə tutulub. ARDNF-ın yeni inzibati binası A-sinifli ofis bina standartlarına uyğun olaraq tikilmiş unikal memarlıq abidəsi olacaq. A-sinifli ofis binaları yüksək keyfiyyətli, xarici və daxili dizaynı ilə diqqəti cəlb edən, müasir texniki avadanlıqlarla tam təchiz edilən, beynəlxalq standartlar əsasında tikilən binalardır.

Binada ikiqat fasad növündən istifadə olunacaq, o dayanıqlıq və enerji sərfiyyatı tələblərinə uyğun olaraq layihələndiriləcək ki, bu da müasir texnoloji sistemlərin, eləcə də intellektual texnoloji infrastruktur konsepsiyasının tətbiqində nəzərə alınacaq. Binada yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş inventorları və s. texnologiyanın tətbiq edilməsi ilə yanaşı, «Green Building» kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulur.

İnzibati binada inteqrasiya olunmuş bina konsepsiyasına (İntegrated Building) əsaslanan intellektual texnoloji infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək Bina idarəetmə (Building Management) sistemindən istifadə edilməsi nəzərdə tutulub.

Binanın inşası xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malik Belçikanın “N.V. Besix S.A.” şirkəti tərəfindən həyata keçirilir. Şirkət Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında «Dövlət satınalmaları haqqında» qanunun 48-ci maddəsinə uyğun olaraq, «Təkliflər sorğusu» metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlib. Dövlət Neft Fondu və qeyd edilən şirkət arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.
# 897

Oxşar yazılar