Mərkəzi Bank: İnflyasiya birrəqəmli həddə saxlanacaq
19 iyul 2012 12:31 (UTC +04:00)

Mərkəzi Bank: İnflyasiya birrəqəmli həddə saxlanacaq

AMB-dən “APA-ECONOMICS”ə verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında qeyd edib ki, 2012-ci ilin ötən dövrü ərzində bankın həm cari, həm də strateji fəaliyyəti ölkə iqtisadiyyatının dayanıqlı artımı və inkişafına yönəlmiş iqtisadi siyasətin hərtərəfli dəstəklənməsinə xidmət edib.

E.Rüstəmov bildirib ki, 2012-ci ilin altı ayında ölkədə iqtisadi artım tempi 1,5% olub, qeyri-neft sektoru 11,3%, qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 30,2% artıb. Xarici ticarət balansının profisiti 7 mlrd. dollar təşkil edib, strateji valyuta ehtiyatları 44 mlrd. dolları ötüb. Makroiqtisadi sabitlik qorunub, orta illik inflyasiya cəmi 2,2% təşkil edib. Tədiyyə balansının irihəcmli profisiti şəraitində manatın məzənnəsinin sabitliyini qorumaq üçün Mərkəzi Bank 639 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirib. Nəticədə manatın ABŞ dollarına qarşı məzənnəsi dövr ərzində cəmi 0,11% möhkəmlənib. Bununla belə, manatın real məzənnəsi əlverişli səviyyədə qalıb, ilin əvvəlindən real ucuzlaşma tempi 1,5% olub.

İclasda vurğulanıb ki, cari ilin altı ayının sosial-iqtisadi inkişaf yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin geniş iclasında prezident İlham Əliyev tərəfindən makroiqtisadi sabitlik mühüm prioritet kimi qeyd olunub. Bu prioritetdən çıxış edərək inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdirilməlidir.

İclasda bank sisteminin inkişafı da geniş təhlil olunaraq qeyd edilib ki, ötən dövr ərzində bank sektorunda konsolidasiya və restrukturizasiya prosesləri də diqqətdə saxlanılıb, bu sahədə zəruri tədbirlər həyata keçirilib. Prudensial nəzarətin formalaşmaqda olan yeni Bazel-3 standartlarına uyğunlaşdırılması prosesi də davam edib. Növbəti ildə beynəlxalq maliyyə institutları ilə birgə həyata keçiriləcək bank sektorunun qiymətləndirilməsi proqramı (FSAP) üzrə zəruri hazırlıq işləri həyata keçirilib.

Birinci yarımil ərzində dünya maliyyə bazarlarında mövcud olan qeyri-stabilliyə baxmayaraq, valyuta ehtiyatlarının təhlükəsiz və optimal idarə olunması təmin edilib, nağdsız ödənişlərin həcminin artması meylləri davam edib, dövriyyədə olan kartların sayı 4%, POS-terminalların sayı isə 1,7 dəfə artıb. Nağdsız ödənişlərin miqyasının stimullaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyət davam etdirilib. Nağd pula olan tələbat vaxtında və tam ödənilib, emissiya altı ay ərzində 8,3% artıb.

İclası yekunlaşdıran E.Rüstəmov ümumilikdə 2012-ci ilin 6 ayının nəticələrini müsbət qiymətləndirərək, cari ilin ikinci yarısında AMB qarşısında duran vəzifələrə, strateji və taktiki hədəflərin yerinə yetirilməsinin təmin edilməsinə dair tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar