Şahin Kərimov: “Qafqazda ən böyük ehtiyat hissələri anbarı “Auto Azərbaycan”dadır” - FOTO
17 iyul 2012 10:30 (UTC +04:00)

Şahin Kərimov: “Qafqazda ən böyük ehtiyat hissələri anbarı “Auto Azərbaycan”dadır” - FOTO

Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan avtomobil bazarının liderlərindən olan “Auto Azərbaycan” şirkətinin satışsonrası xidmət departamentinin müdiri Şahin Kərimovun “APA-Economics”ə müsahibəsi

- Şahin müəllim, 20 ilə yaxın bir müddətdə yalnız 1 brendin - “Hyundai”ın distribüteri olan “Auto Azərbaycan” 1 il ərzində yükünü bir neçə qat artırıb. Özü də tamamilə fərqli “milliyyətləri” olan brendlərin məsuliyyətini öz üzərinə götürməklə. Yəni Amerikanın “Chrysler qrupunu”, Fransanın “Peugeot”sunu, Çinin “Geely”sini Azərbaycanda təmsil etməyə başladı. Öhdəsindən gələcəksinizmi və ya gəlirsinizmi?

- “Auto Azərbaycan” özündə bu gücü hiss etdiyinə görə birdən-birə bu qədər yükün altına girdi. Bilirsiniz ki, “Chrysler” qrupunda 3 brend var – “Dodge”, “Jeep”, “Chrysler”. “Peugeot” əvvəllər Azərbaycanda təmsil olunub, amma servis səviyyəsi yaxşı olmadığından belə gözəl, Avropa həyat tərzinin simvolu olan avtomobil azərbaycanlıların yadında “problemləri həll olunmayan” kimi qalıb. Biz istehsalla məşğul deyilik. Amma təqdim etdiyimiz brendlərdən tələblərimiz və müştərilərə servisimizin yüksək standartları “Auto Azərbaycan”ı brendə çevirib. Hətta bu gün qara bazarda ən çox satılan avtomobil markalarından ikincisi “Hyundai”dır. Bunun da səbəbi “Auto Azərbaycan”ın “Hyundai” üçün təqdim etdiyi servisə inamdır.

- Deyirsiniz ki, yeni brendləri gətirməyinizin səbəbi müştərilərinizin sizə güvəni olub?

- Bu gün “Avtomobilini haradan alacaqsan” və ya “Hansı avtomobili alacaqsan” sualına ilk cavab “Auto Azərbaycan” və ya bizim markalardan biri olursa, deməli, biz insanların etibarını qazanmışıq. Misal göstərə bilərəm: qohumlarımdan birinin “Peugeot”su var. Mənə deyir: “Əgər siz “Peugeot”nu gətirəcəksinizsə, maşını satmayım, qiyməti qalxacaq”. Ümumiyyətlə, son zamanlar bu marka ilə bağlı zənglərin ardı-arası kəsilmir. Avtomobilini ehtiyat hissəsi və orijinal servislə təmin edə bilmədiyindən satmaq istəyənlər bizə zəng edib, doğrudanmı “Peugeot”nu bizim təqdim edəcəyimizi soruşurlar. Bu, şirkətimizin ehtiyat hissələri və servisdə yaratdığı güvənin açıq-aydın sübutudur. “Jeep”i də gətirəndə eyni qayda ilə... Bizə zənglər gəlirdi – “Əgər “Jeep” “Auto Azərbaycan”dadırsa, deməli, problem yoxdur, onu almaq olar” deyirdilər.

- Xüsusilə amerikan maşınlarının servis və ehtiyat hissələri ilə bağlı avtomobil almaq istəyənlərdə qorxumu deyim, ya ehtiyatla yanaşmamı deyim, var...

- Sovet dövründə və ondan sonrakı vaxtlarda Azərbaycana Amerika avtomobilləri, xüsusilə “Jeep” birbaşa gətirilmədiyindən, burada nə orijinal ehtiyat hissələrini, nə də ustalarını tapmaq olurdu. İndi isə vəziyyət fərqlidir. Tam əminliklə deyim ki, “Jeep”in ehtiyat hissələri və servisinin qiyməti “Hyundai”a yaxındır, alman və yapon ehtiyat hissələrindən və servisindən isə daha sərfəlidir. Ümumiyyətlə, biz orijinal ehtiyat hissələri təklif edən rəqiblərimizin qiymətlərindən aşağı qiymət təklif edirik.

- Ehtiyat hissələri anbarınızın kifayət qədər böyük olduğunu “Auto Azərbaycan”dan avtomobil alan hər kəs bilir. Təxmini olaraq dəyərləndirmisinizmi?

- Bu gün Qafqazda ən böyük ehtiyat hissələri anbarı “Auto Azərbaycan”dadır. Maliyyətinə görə anbarımızın dəyəri 5 milyon manatdır. Hətta istənilən bir maşını A-dan Z-yə yenidən yığa bilərik. Avtomobili alan kimi biz avtomatik olaraq onun ehtiyat hissələrini də alırıq. Bu, “Hyundai”da da belədir, “Chrysler Group”da da, “Geely”də də, “Peugeot”da da. Biz təqdim etdiyimiz avtomobillərinin hər biri üçün ehtiyat hissələrini gətirməklə yanaşı, onların servis ustalarını da təlimləndiririk.

- Ustalarınız təqdim etdiyiniz modellərin yenilikləri ilə necə tanış olurlar?

- Ustalarımız mütəmadi olaraq xaricdə keçirilən təlimlərdə iştirak edirlər. Məsələn, 1-2 həftə əvvəl Tailanddan qayıdıblar. Bundan başqa, onların texniki olimpiadalarda iştirakı və uğuru da “Auto Azərbaycan”ın uğurudur. Bizim ustalar 2 beynəlxalq texniki olimpiadadan qızıl medalla dönüblər.

- Mərkəzi servisdə uzun növbələrdən şikayətçilər çoxdur. Bu problemi həll etməyi düşünürsünüzmü?

- Mərkəzi servisə gündə 200 avtomobil girirsə, növbə qaçılmazdır. Problemin həlli tək bizdən asılı deyil. “Chrysler Group”, “Geely” brendlərinin servisi təkcə Dərnəgüldə - Ziya Bünyadov prospektindəki Mərkəzdə olsa da, “Hyundai”ın Bakıda bundan başqa 4 servisi var. Amma hamı Mərkəzə “qaçır”. Servisin burada daha yaxşı olduğunu düşünür, ehtiyat hissələrinin burada əl altında olduğunu fikirləşir. Amma bizdə bütün servislərimizdə xidmət eynidir. Qafqazda böyüklüyümüz təkcə anbarın böyüklüyü deyil. Bizim kompyuterləşdirilmiş şəbəkəmiz var. Bu şəbəkəyə hər hansı rayondakı, məsələn, Şəkidəki servis qoşulub, bazada hansısa detalın olub-olmadığını görür. Biz də eyni qayda ilə təmsilçisi olduğumuz şirkətlərin – “Chrysler”in, “Peugeot”nun, “Hyundai”ın, “Geely”nin mərkəzi sistemlərinə bağlanırıq. Əgər bizdə bazada olmayan bir detal olursa, - qeyd edim ki, bu, nadir hallarda olur - biz onu dərhal sifariş veririk. Hər hansı detalın burada və ya regional servisdə dəyişdirilməsinin qiymətə heç bir təsiri olmur. Bundan əlavə, xarici valyuta kursunun dəyişməsi də bizim ehtiyat hissələrinin qiymətinə təsir etmir.

- Yeni brendlərin ayrı servisini açmağı planlaşdırırsınızmı?

- Təxminən ay yarımdan sonra Babək prospektində “Jeep” və “Peugeot”nun servisi fəaliyyətə başlayacaq. Bu, mərkəzi servisə düşən yükü azaldacaq. Həmçinin yeni servisdə daha rahat və imkanları çox olan xidmət yerləri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1543

Oxşar yazılar