Pensiyaların baza hissəsi ləğv edilə bilər
13 iyul 2012 12:42 (UTC +04:00)

Pensiyaların baza hissəsi ləğv edilə bilər

«APA-ECONOMICS»in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov bildirib ki, bu addımlar Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əmək haqlarının gizlədilməsinə qarşı mübarizə məqsədi daşıyır.

S.Müslümov qeyd edib ki, bu məqsədlə Azərbaycanda əmək pensiyalarının baza hissəsinə iş stajınin illərindən asılı olaraq əmsallar tətbiq oluna bilər. Artıq DSMF bununla bağlı təkliflər hazırlayıb: «Belə sistem SSRİ dövründə də olub. O sistemə əsasən, kişilərin stajı 25 il, qadınların stajı isə 20 il olanda onlar pensiyanı tam alırdılar. İşçinin stajı bu müddətdən az olanda isə nə qədər azdırsa, pensiya da o qədər azalırdı. İndi bizdə də baza hissəsinə oxşar əmsalların tətbiq olunması məsələsi gündəmə gəlib».

Başqa bir təklifə görə, ümumiyyətlə baza hissəsi ləğv edilə bilər. Bu halda şəxs pensiyaya çıxanda onun pensiyası yalnız onun fərdi hesabında toplanan məbləğlər hesabına hesablanacaq: «Məqsəd odur ki, hər kəs çalışsın ki, işlədiyi illərin sayı çox olsun və pensiyaçı sonra pensiyasının baza hissəsini tam məbləğdə ala bilsin».

Qeyd edək ki, Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əmək haqlarının gizlədilməsi sığorta-pensiya sisteminin əsas probleminə çevrilib. Belə ki, 2011-ci ilin nəticələrinə görə, ölkədəki 4,375 mln. nəfər iqtisadi fəal əhalinin yalnız 1,381 mln-u və ya 31,6%-i işçi kimi rəsmi qeydiyyatdadır. Onların isə 1,143 mln-u dövlət sektorunda çalışanlardır. «Belə çıxır ki, özəl sektorda yalnız 238 min nəfər çalışır. Bu isə mümkün deyil, çünki son 8 ildə ölkədə 760 min yeni iş yeri yaradılıb. Bu ilin ilk yarısında isə daha 46 min iş yeri açılıb», - deyə S.Müslümov bildirib.

Yaranmış vəziyyət nəticəsində, toplanan sosial sığorta haqları pensiyaların ödənilməsi üçün kifayət etmir. Belə ki, hazırda Azərbaycanda verilən pensiyaların yalnız 60-61%-i sosial sığorta haqlarının hesabına formalaşır. Pensiyaların qalan hissəsi dövlət büdcəsindən həyata keçirilən transferlər hesabına ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068

Oxşar yazılar