Kür çayında suyun sərfi artıb
22 avqust 2011 11:19 (UTC +04:00)

Kür çayında suyun sərfi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verdiyi məlumata görə, avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 1 m3/san artaraq 105 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-9.04 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
# 1059

Oxşar yazılar