Neftimizi Koreyadakı neft anbarlarında saxlayacağıq
20 avqust 2011 15:21 (UTC +04:00)

Neftimizi Koreyadakı neft anbarlarında saxlayacağıq

Avqustun 19-da ARDNŞ-in baş ofisində şirkət rəhbərliyi ilə Bakıda səfərdə olan Koreya Milli Neft Korporasiyasının vitse-prezidenti Moon Hyun Baik və logistika üzrə meneceri Sangekun Daniel Kim arasında görüş keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan və Koreya arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin yarandığını söyləyib.

Koreya Milli Neft Korporasiyasının vitse-prezidenti Moon Hyun Baik təmsil etdiyi şirkətin Koreyada və xarici ölkələrdə həyata keçirdiyi fəaliyyət haqqında danışıb. O, Koreyada irihəcmli neft anbarları şəbəkəsinin yaradıldığını bildirib və Koreya Milli Neft Korporasiyasının ARDNŞ ilə əməkdaşlığın genişlənməsinə böyük maraq göstərdiyini vurğulayıb.

Daha sonra ARDNŞ rəhbərliyinin iştirakı ilə “SOCAR Trading” şirkətinin Sinqapur ofisi və Koreya Milli Neft Korporasiyası arasında xam neftin saxlanılmasına dair müqavilə imzalanıb. 2 il müddətinə (daha 1 il uzadılmaq imkanı ilə) imzalanan bu müqavilə “SOCAR Trading” şirkətinə 5,3 milyon barel həcmində neftini Koreyadakı neft anbarlarında saxlamaq imkanı verəcək.
# 481

Oxşar yazılar