“300 manatadək olan əmək haqqından gəlir vergisi tutulmasın”
25 iyul 2011 18:12 (UTC +04:00)

“300 manatadək olan əmək haqqından gəlir vergisi tutulmasın”

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası gəlir vergisinin azaldılması təklif ilə çıxış edib. Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan Respublikası Sahibkarlar (Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib ki, gəlir vergisinin azaldılmasını - 300 manatadək olan əmək haqqından gəlir vergisinin tutulmamasını, 301 manatdan 3000 manatadək olan hissədən 14 %, 3001 manatdan yuxarı olan hissənin isə 30 %-lə vergiyə cəlb olunmasını təklif edirlər.


Məmməd Musayev nağdsız ödənişlərdən də danışıb. O deyib ki, ticarət və iaşə obyektlərində bu işin təşkili məqsədilə post terminallar quraşdırılmalı və ödənişlərin xarici ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan verər, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər. Bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.


Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti onu da qeyd edib ki, 2011-ci ilin ölkədə “Turizm ili” elan olunması ilə əlaqədar yeni yaradılacaq, eləcə də mövcud olan turizm obyektləri üçün idxal olunan avadanlıqlar, mexaniki və qızdırıcı qurğular, mebel və digər ləvazimatların idxalı gömrük rüsumlarından və idxalda əlavə dəyər vergisindən azad olunması məqsədə uyğundur: “Eyni zamanda qəbul olunmuş ərzaq təhlükəsizliyi proqramı çərçivəsində ölkədə quşçuluğun inkişafına nail olmaq üçün Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına bu sahəyə ayrılan vəsaitlərin artırılması, yüngül sənayenin, o cümlədən toxuculuğun inkişaf etdirilməsi, kənd təsərrüfatının heyvandarlıq sahəsində cins mal-qaranın sayının artırılması üçün ayrıca maddə ilə dövlət tərəfindən bu sahələrə güzəştli şərtlərlə uzunmüddətli kreditlər ayrılması, ölkədə sahibkarlığı daha da inkişaf etdirmək üçün xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin yenidən nəzərdən keçirilməsi və sayının azaldılması, çox illik əkmələrin, o cümlədən üzüm bağlarının salınması üçün investisiya yönümlü layihələrin maliyyələşdirilməsinə verilən kreditlər 8 ilədək, çay plantasiyalarının salınması üçün 10 ilədək müddətə nəzərdə tutulması da məqsədə müvafiq olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2950

Oxşar yazılar