Dövlət Neft Fondun yeni investisiya strategiyası hazırlanıb
13 iyul 2011 13:59 (UTC +04:00)

Dövlət Neft Fondun yeni investisiya strategiyası hazırlanıb

Dövlət Neft Fondunun aktivləri 6 ay ərzində 7,6 milyard dollar məbləğində artıb və 1 iyul tarixinə 30,4 milyard dollara çatıb. Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov söyləyib.


Şahmar Mövsümov deyib ki, Dövlət Neft Fondu dünya maliyyə bazarlarında olan müasir vəziyyəti əks etdirən konservativ investisiya strategiyasını həyata keçirir: “Vəsaitlərinin böyük hissəsi yüksək reytinqli, likvidliyi yüksək olan qiymətli kağızlara investisiya olunub. Bu strategiya qlobal maliyyə böhranı zamanı özünü doğruldub və bir çox tanınmış suveren fondlardan fərqli olaraq Dövlət Neft Fondu ən böhranlı 2008-ci ili gəlirlə bitirməyə nail olub. Lakin hazırda maliyyə bazarlarında baş verən dəyişiklikləri nəzərə alaraq və daha riskli və mənfəətli alətlərə, o cümlədən şirkətlərin səhmlərinə, daşınmaz əmlaka investisiya etmək məqsədilə Dövlət Neft Fondunun investisiya portfelinin diversifikasiyası üzrə təkliflərin hazırlanmasının son mərhələsindədir. Ümid edirik ki, Dövlət Neft Fondun yeni diversifikasiya olunmuş investisiya strategiyası artıq bu il təsdiq ediləcək. Aktivlərinin səhmlərə yatırılması isə bu təkliflərin qəbul edilməsindən sonra mümkün olacaq”.

Şahmar Mövsümov bildirib ki, iri şirkətlərin səhmlərinə investisiyaların müxtəlif yolları var: “Bu yollardan biri investor tərəfindən hər hansı bir şirkətin səhmlərinin böyük payının alınması və şirkətin idarə edilməsində birbaşa iştirakdır. Digər yol isə diversifikasiya edilmiş səhmlər indeksinə investisiyalardır. Bu halda sərmayədar investisiya portfelinə bir çox şirkətlərin səhmlərini daxil edir və portfeldə hər bir şirkətin payı cuzi olur. Yuxarıda qeyd etdiyim kimi, Dövlət Neft Fondunun tərtib olunan yeni investisiya strategiyası investisiya portfelinin diversifikasiyasını nəzərdə tutur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar