Azərbaycanın ən uzun dəmir yolunun 2 kilometri əsaslı təmir olunur - FOTO
05 iyul 2011 09:56 (UTC +04:00)

Azərbaycanın ən uzun dəmir yolunun 2 kilometri əsaslı təmir olunur - FOTO

Azərbaycanın ən uzun dəmiryolunda əsaslı təmir işləri davam edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün Bakı-Böyük Kəsik istiqamətində Ağstafa-Tatlı mənzilinin 96-94 kilometrində daha 2 km yol əsaslı təmir ediləcək.


Səhər saatlarında başlayan əsaslı təmir axşam saatlarında başa çatacaq. Əsaslı təmiri “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri aparır. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə çatdırmaq mümkün olacaq.


Qeyd edək ki, əsaslı təmir prosesinə 10 iyun 2011-ci ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində Çexiyanın “İxrac” Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanıb. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunacaq.


Bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın Moraviya STEEL şirkəti Çərçivə müqaviləsi imzalanıb. Çexiyanın “Trşinets celezarnı” zavodundan 41210 ton 65 tipli relsin alınması razılaşdırılıb. Artıq 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib.


Əsaslı təmir üçün tələb olunan 583280 ədəd dəmir-beton şpal razılaşmaya əsasən, Ələt şpal zavodunda (“Azərinşaatservis”) istehsal olunacaq. Ələt şpal zavodunda artıq üçnövbəli iş sistemi tətbiq olunub. Bunun da əsas məqsədi şpala olan tələbatı ödəməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar