Bakıda beynəlxalq neft-qaz sərgisi açılıb
07 iyun 2011 11:03 (UTC +04:00)

Bakıda beynəlxalq neft-qaz sərgisi açılıb

Bu gün Bakıda (Baku Expo Center) Xəzəryanı regionun ən böyük neft və qaz sahəsində tədbiri olan XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisi («Caspian Oil & Gas») işə başlayıb. İyunun 10-dək keçiriləcək sərginin rəsmi açılış mərasimində ənənəvi olaraq dövlət başçısı İlham Əliyev iştirakı edir. Sərginin əsas təşkilatçısı rolunda «Iteca Caspian» şirkəti çıxış edir.

«APA-ECONOMICS»in məlumatına görə, «Caspian Oil&Gas-2011» sərgisində dünyanın 27 ölkəsindən 285 şirkət, o cümlədən neft və qaz sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarəetmə, neft və neft məhsullarının nəqli üzrə təşkilatların rəhbər işçiləri, ekologiya işçiləri, eləcə də elm xadimləri iştirak edir. Bundan başqa, tədbirə Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları qatılıb.

Tədbirin VIP-qonaqları arasında Norveç şahzadəsi Xookon, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin neft və energetika naziri Ola Borten Moe və başqaları var.

Sərgi sahəsinin 40%-dən çox hissəsini əsas etibarilə tədbirin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutur. Sərginin sponsorları arasında ARDNŞ, «Baku White City», «BP-Azerbaijan», «Caspian Geophysical», «Caspian Pipe Coatings», «Conoco Phillips», «Cross Caspian Oil & Gas Logistics», DEPA, «Edison», «Fluenta», «GDF Suez», «Inpex Corporation», «McDermott Caspian», «Nobel Oil», OMV, RWE, «Statoil», «Salans», TAP, «Total E&P Azerbaijan» və «Volgaburmaş» şirkətləridir.

Keçən illə müqayisədə sərgi iştirakçılarının sayı 25% artıb. Yerli iştirakçıların sayı da artıb – onlar bütün sərgi iştirakçılarının 38%-ni, debütant şirkətlər isə iştirakçıların ümumi sayının 12%-ni təşkil edir.

Qeyd edək ki, sabah - iyunun 8-də «Hyatt Regency» mehmanxanasında «Caspian Oil & Gas» konfransı işə başlayacaq. İki gün davam edəcək tədbirdə 30-dan çox ölkədən 500-dən artıq nümayəndə heyətinin iştirakı planlaşdırılır. Konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbedici olması, habelə Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək. Tədbirdə dünya enerji bazarında dəyişikliklər, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Azərbaycanın investisiya baxımından cəlbediciliyi, kəşfiyyat, nəqletmə layihələri, eləcə də ekoloji məsələlər müzakirə predmeti olacaq, 50-dən artıq məruzəçinin çıxışı gözlənilir. ABŞ nümayəndəsi R.Morninqstarla yanaşı, burada Böyük Britaniyanın Xəzər enerji məsələləri üzrə məsləhətçisi Anqus Miller, Türkmənistanın «Türkmənneft» Dövlət Konserninin sədri, Türkmənistanın dövlət naziri Anaqulu Dəryayev, Qaz İxracatçı Dövlətləri Forumunun baş katibi Leonid Baxanovski, Beynəlxalq Enerji Agentliyinin təhlükəsizlik və enerji bölməsinin direktoru Didye Husan, Macarıstan və Polşanın İnkişaf nazirliklərinin nümayəndələri və s. iştirak edəcəklər.

Sərgi və konfransı dünyanın 11 ölkəsindən 90 KİV nümayəndəsi işıqlandıracaq. Sərginin ekspozisiyası «Baku Expo Center» kompleksinin 2 pavilyonunu əhatə edir və burada ən yeni neft-qaz avadanlıqları, habelə neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyaları nümayiş olunur. Bununla yanaşı, sərgidə Azərbaycanda icra olunan və gələcəkdə həyata keçiriləcək neft və qaz layihələri təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275

Oxşar yazılar