Dövlət büdcəsinin xərcləri 25 faiz artırılır
19 may 2011 14:14 (UTC +04:00)

Dövlət büdcəsinin xərcləri 25 faiz artırılır

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı hazırlanmış “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanun layihəsi Milli Məclisinin müzakirəsinə təqdim edilib.


Bu barədə “APA-ECONOMICS”ə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, 2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və s. sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatı yaradılmasıdır.


Yuxarıda sadalanan tədbirlərin və layihələrin maliyyə tutumu 3,1 mlrd. manat məbləğində qiymətləndirilir. Qeyd olunan xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilməsi zərurəti yaranıb.


Dünya neft bazarlarında konyuktur əlverişli olaraq qalmaqla Azərbaycan neftinin bir barelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki, 80% artıq üstələyir. Belə ki, 2011-ci ilin I rübündə dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərə əsasən, yaranmış əlavə gəlirlər hesabına təsdiq edilmiş proqnozla nəzərdə tutulduğundan 193,5 mln. manat, Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri isə 976,4 mln. manat vəsait daxil olub. Dünya neft bazarlarındakı müsbət konyukturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir.


Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 80 ABŞ dolları səviyyəsinədək çatdırılıb. Qeyd edək ki, 2011-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində bu göstərici 60 ABŞ dolları olub.

Müvafiq olaraq 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılıb. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29% çoxdur. Dövlət büdcəsinin gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondunun transferti hesabına təmin edilməsi nəzərdə tutulur.


Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsi xərcləri 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25% artırılıb. Artımlardan sonra 2011-ci il dövlət büdcəsinin xərclərinin 48,4% - n i və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4%-ni və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2%-ni və ya 346,7 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edir.


Cari il üçün dövlət büdcəsinə yenidən baxılması ilə cari xərclərin artımı üçün nəzərdə tutulan 698,0 mln. manat vəsaitin 462,7 mln. manatı və ya 66,3%-i ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara müvafiq olaraq 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləğləri arasındakı mövcud fərqlərin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının, sosial müavinətlərin və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək.


Dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8%-i həcmində və yaxud 2 484,1 mln. manat vəsait yönəldiləcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş göstəriciyə nisbətən 73,5% çoxdur. Bu mənbədən qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılmasına, tələbələr üçün yataqxanaların tikintisinə, ölkənin şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsinə, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılmasına, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasına, Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinə, ölkənin regionlarında kəndlərarası yolların tikintisinə və əsaslı təmirinə, Sumqayıt şəhərində gübrə istehsalı zavodun tikintisinə və digər zəruri investisiya layihələri üçün vəsaitin ayrılması məqsədəmüvafiq hesab edilib.


Cari ilin dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687,0 mln. manat vəsaitin əlavə gəlirlər hesabına 300,0 mln. manat azaldılması nəzərdə tutulur.


Yenidən baxılma nəticəsində icmal büdcənin xərclərinin yuxarı həddi (İcmal büdcə özündə dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Neft Fondunun büdcələrinin, həmçinin xarici kreditlər üzrə daxilolmaların və xərclərin cəmini birləşdirir) 18 634,3 mln. manat, icmal büdcənin profisiti 1 368,5 mln. manat təşkil edəcək.
# 796

Oxşar yazılar