Azərbaycanda qum-çınqıl bahalaşıb
11 sentyabr 2009 15:30 (UTC +04:00)

Azərbaycanda qum-çınqıl bahalaşıb

Keçən ay tikinti materiallarının qiyməti 2,7% artıb

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” MB) tikinti materialları bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, bu ilin avqust ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 91 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan malların ümumi istehsalda həcmi 52,7% təşkil edib.

Yay mövsümü üçün xarakterik olan passiv vəziyyətin bazarın bu seqmentinə təsiri, eyni zamanda iqtisadi böhranla əlaqədar hələ də tikinti dinamikasının azalma tendensiyası tikinti materialları bazarında əksər məhsullar üzrə qiymətlərin bir qədər də enməsinə təsir göstərib. Amma buna baxmayaraq avqust ayında orta qiymət artımı müşahidə olunub. Belə ki, “Bakı Steel Company” şirkətinin istehsalı olan armaturun yenidən bazara təklif olunması orta qiymətə təsirsiz ötüşməyib. Bununla yanaşı, daşınmasına dövlət tərəfindən nəzarət olunmağa başlayan qum, otsep, çınqıl kimi materialların qiymətlərində artım qeydə alınıb. Sahibkarlar bu amili daşınmada meydana çıxan problemlə əlaqələndirirlər.

Aparılan araşdırmalar göstərir ki, 1 “Kamaz”la ötən ay 12-13 kub metr qum-çınqıl daşınırdısa, avqustda Nəqliyyat Nazirliyi tərəfindən yük maşınlarının yüklənmə həcminə tətbiq etdiyi məhdudiyyətdən sonra bu rəqəm 8-9 kub metrə qədər azalıb. Bu səbəbdən də həmin məhsullar üzrə qiymətlərdə artım qeydə alınıb.

Ümumilikdə avqust ayında araşdırmaya məruz qalan 91 adda məhsuldan 17-i üzrə qiymət azalması, 14-ü üzrə qiymət artımı, 60-ı üzrə isə stabillik müşahidə edilib. Qiyməti artan məhsullar, əsasən ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də artım qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə artım iyul ayı ilə müqayisədə 2,7% təşkil edib.

Avqustda qum 1,9%, armatur 2%, otsep 25%, şveller 7,1%, izolyasiya 16,6%, zamaska 3,7%, şüşə pambıq 4,0% bahalaşıb.

Dikt 7,5%, DSP 1,6%, DVP 4,4%, künyə 6,5%, dəmir təbəqə 2,9%, sink təbəqə 2,4%, katinka 6,2% ucuzlaşıb.

Digər tikinti materiallarının qiyməti avqust ayında stabil qalıb.

Aparılan araşdırmalar göstərir ki, avqust ayında tələb bir qədər də aşağı düşüb.
Aylıq nəticə belədir ki, ay ərzində tikinti materiallarının qiyməti 2,7% artıb. Ümumilikdə isə tikinti materiallarının qiymətində ilin əvvəli ilə müqayisədə 4,4%, ötən illə müqayisədə 41,8% azalma qeydə alınıb. Qiymət indeksi ötən aya nisbətən 2,7 bənd artaraq, 99,9 səviyyəsində qərarlaşıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar