2011-ci ilin büdcə layihəsi prezidentə göndərildi
22 sentyabr 2010 17:52 (UTC +04:00)

2011-ci ilin büdcə layihəsi prezidentə göndərildi

Bu gün baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2011-ci il və sonrakı üç il üçün Dövlət Büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

Layihə hazırlanarkən dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib. Dövlət Büdcəsinin gəlirləri 12 milyard 061 milyon manat təşkil edir. Xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmaqla Ümumi Daxili Məhsulun (ÜDM) 31,7 %-i həcmində nəzərdə tutulur.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin həcminin artırılması ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə tutulur. 2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129, 4 milyon manat proqnozlaşdırılır.

Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınıb.

2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanarkən beynəlxalq təşkilatların, habelə bank və maliyyə qurumlarının proqnozları, bu proqnozlara təsir edə biləcək hallar təhlil edilmişdir. Məlum olduğu kimi, həmin beynəlxalq qurum və təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı proqnozları müsbətdir. Müzakirəyə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2011-ci il üçün ÜDM real artım tempi 3,8 %, onun qeyri-neft sektoruna aid hissəsi 7,2 %, neftin bir barrelinin dünya bazar qiyməti 60 $, inflyasiyanın səviyyəsi isə 5 % həcmində nəzərdə tutulur.

İclasa yekun vuran Artur Rasizadə qeyd edib ki, hazırda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi və digər sahələrdə daha böyük uğurlar əldə edəcəyinə əminlik yaradır.
İclasın sonunda Nazirlər Kabineti Dövlət Büdcəsi layihəsinin ölkə Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928

Oxşar yazılar