Milli sahibkarlığın inkişafında bank sektorunun rolu yüksəkdir
08 aprel 2010 18:45 (UTC +04:00)

Milli sahibkarlığın inkişafında bank sektorunun rolu yüksəkdir

"Texnikabank" real sektorun kreditləşdirilməsi siyasətini 2010-cu ildə də uğurla davam etdirir

Bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı hər bir ölkənin sosial-iqtisadi sisteminin yenidən qurulmasında mühüm rol oynayır. Təcrübə göstərir ki, özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, yeni iş yerlərinin açılışına nail olmaq, eləcə də sosial xarakterli problemləri həll etmək mümkün deyildir. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması da Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunları ilə bağlı bir müddət əvvəl Bakı Biznes Mərkəzində keçirilən konfrans respublikamızın qlobal böhrana baxmayaraq, bütün sahələrdə uğurla inkişaf etdiyini, makroiqtisadi göstəricilərə imza atdığını bir daha təsdiqləyir. Kifayət qədər səmərəli müzakirələrlə yaddaqalan konfransın yekunlarının təhlili eyni zamanda Azərbaycanda qeyri-neft sektoruna, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli, ardıcıl və davamlı xarakter daşıdığını göstərir. Bir sıra dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına rəğmən, respublikamızın 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faizlik artımına nail olması da məhz bu sahədə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Konfransda da vurğulandığı kimi, son illərdə iqtisadiyyatın şaxələndirilməsi və real sektorun dəstəklənməsi istiqamətində həyata keçirilmiş əməli tədbirlər ölkə iqtisadiyyatının neftdən asılılıq dərəcəsini əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyri-neft sektoruna yönələn investisiyalar 2003-cü ildən 6,2 dəfə artmış, onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə yüksəlmişdir. Bu müddətdə həmçinin milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 73 faizdən 85 faizə çatmışdır.
2009-cu ildə qeyri-neft sektorunun 3,2 faizlik artımı uğurlu təməlini məhz regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempi üçün regional inkişafda tarazlılığın və tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Ölkə rəhbərliyinin 2009-cu ildə regional inkişaf məsələlərinə xüsusi diqqət yetirməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Son bir ildə yeni Dövlət Proqramının icrasını şəxsi nəzarətinə götürən cənab İlham Əliyev regionlara davamlı səfərlər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 100-dən çox obyektin açılış və təməlqoyma mərasimində iştirak etmişdir.
Azərbaycanda sahibkarlığın sürətli inkişafını təmin edən mühüm amillərdən biri də dövlətin bu sektora güzəştli kreditlərinin həcminin ildən-ilə artmasıdır. Ötən il bütün iqtisadi rayonlarda sahibkarların maarifləndirilməsi və kreditlərlə təmin olunması ilə bağlı 37 tədbir keçirilmiş, 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Maliyyələşdirilmiş layihələrin 99 faizinin regionların payına düşməsi də hökumətin bölgələrin inkişafına necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.
Regionlarda sahibkarlıq subyektlərinin xətti ilə iri layihələrin həyata keçirilməsi həm də özəl sektorun inkişafı naminə həyata keçirilən təşkilati-institusional tədbirlərin nəticəsi sayıla bilər. Söhbət iş adamlarının fəaliyyətinə müdaxilə hallarının azalmasından, biznesə başlama prosedurlarının sadələşdirilməsindən gedir. Bakı Biznes Mərkəzində keçirilən tədbirdə bu məqama xüsusi toxunulmuş, biznes subyektlərinin qeydiyyatının "bir pəncərə" sistemi əsasında aparılmasının əhəmiyyəti önə çəkilmişdir. Dövlət başçısının 30 aprel 2007-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanına əsasən, 2008-ci ildən Vergilər Nazirliyi vahid kodlaşdırmanın tətbiqi ilə sahibkarlıq subyektlərinin fəaliyyətinin "bir pəncərə" (vahid qeydiyyat orqanı) prinsipi əsasında təşkilini təmin etmişdir. 2009-cu ildən gömrük orqanlarında da bu sistemin tətbiqi göstərir ki, ölkədə sahibkarlığın inkişafına mane olan bütün maneələrin aradan qaldırılması üçün qətiyyətli addımlar atılır.
Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfransda "vahid pəncərə" sisteminin əhəmiyyətini bir daha önə çəkmiş, eyni zamanda biznes qurumlarının fəaliyyətinə maneə yaradan bəzi neqativ halların tamamilə aradan qaldırılması vacibliyini vurğulamışdır: "Artıq bizdə müxtəlif yerlərdə "Bir pəncərə" sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur. Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər. Yaxşı olar ki, sahibkarlar sosial təşəbbüslərə daha da fəal qoşulsunlar. Artıq bunu etmək üçün imkanlar vardır".
Son illərdə Vergilər Nazirliyinin "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi" (AVİS) vasitəsilə həyata keçirilən iş prosesləri daha da genişləndirilmiş, vergi bəyannamələrinin internet vasitəsi ilə təqdim edilməsi, banklarla vergi orqanları arasında elektron sənəd mübadiləsi kimi vacib layihələr uğurla reallaşdırılmışdır. Bu tədbirlər sırasında 2010-cu il yanvarın 1-dən tətbiq edilən "Onlayn kargüzarlıq", "Elektron vergi hesab fakturası" və "Nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının tətbiqi" sistemlərinin əhəmiyyətini xüsusi vurğulamaq olar. "Elektron hökumət" layihəsi çərçivəsində gerçəkləşdirilən bu sistemlər "vətəndaş-dövlət", "biznes-dövlət" və "biznes-biznes" münasibətlərinin müasir beynəlxalq standartlar səviyyəsində təşkilinə xidmət edir.
Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2010-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Böhranın tam səngimədiyi bir şəraitdə həyata keçirilən bu tədbirlər ümumən sahibkarlığa dəstək siyasətinin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.
Bakı Biznes Mərkəzində keçirilən konfransda qeyd olunduğu kimi, qlobal böhran şəraitində milli sahibkarlar ordusunun ciddi ziyan çəkməməsi, ilk növbədə, hökumətin dünyadakı neqativ proseslərə çevik reaksiya əsasında müəyyənləşdirdiyi antiböhran siyasətinin nəticəsidir. Bankların dəstəklənməsi də daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi bu tədbirlərin yalnız üzdə olan qismidir.
Həyata keçirilən tədbirlər həm də bank sisteminə ictimai etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönəlmişdir. İqtisadi subyektlərin banklara inamını qorumaq və daha da artırmaq mühüm vəzifələrdən biri olaraq qalmış, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasəti davam etdirilmişdir. Mərkəzi Bank antiböhran siyasətinin həyata keçirilməsində öz mandatı çərçivəsində iştirak etmiş, əsas diqqət üç əsas məqsədin reallaşmasına istiqamətlənmişdir: birincisi, makroiqtisadi sabitliyin qorunması; ikincisi, bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin təmin olunması; üçüncüsü, iqtisadi artımın və yüksək məşğulluğun dəstəklənməsi. Ötən dövrdə makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti həyata keçirilmişdir.
Böhrana qarşı həyata keçirilən kompleks tədbirlər sırasında bank sektoruna likvidlik dəstəyinin verilməsi özünü doğrultmuş, bununla həm də devolvasiya prosesinin qarşısı alınmışdır. Mərkəzi Bank bu məqsədlə 2008-ci ilin sonlarından başlayaraq başlıca uçot dərəcəsini 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirmişdir.
Respublikanın beş bankı arasında qərarlaşan "Texnikabank" qlobal böhrana nəinki əzmlə sinə gərmiş, eyni zamanda 2010-cu ilin müvafiq dövründə də dinamik inkişafını təmin etmişdir. Ötən il olduğu kimi, bu il də "Texnikabank"ın başlıca hədəfləri yüksək likvidliyin təmini, institusional inkişafın davam etdirilməsi, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, cəlb olunmuş vəsaitlərin geniş diversifikasiyasıdır. Bank məqsədyönlü kreditləşmə siyasəti həyata keçirməklə, hər bir riski ciddiliklə nəzərə alır, real sektorun maliyyə resurslarına ehtiyaclarını təmin etməyə çalışır, ipoteka kreditləşməsini uğurla həyata keçirir. Cari ildə bankda "Sahibkarlara Kömək Milli Fondu vasitəsilə verilmiş kreditlər 1,46 milyon manat artaraq 27,33 milyon manat, kənd təsərrüfatının inkişafı üçün verilmiş kreditlər 0,8 milyon manat artaraq 11,01 milyon manat, "İpoteka fondu" vasitəsilə verilmiş kreditlər 2,13 milyon manat artaraq 17,26 milyon manat təşkil etmişdir. Bankın vəsaiti hesabına sahibkarlara verilmiş kreditlər isə 0,98 milyon manat artaraq 7,96 milyon manat, maliyyə sektoruna verilmiş kreditlər 9,7 mln manat, müştərilərə verilmiş kreditlər 347,5 milyon manat təşkil edir.
2010-cu ilin müvafiq dövründə bankın depozit portfeli 12,08 faiz genişlənərək 172,774 milyon manat, kredit portfeli 3,37 faiz artaraq 348,775 milyon manat, o cümlədən istehlak kreditlərinin həcmi 38,554 milyon manat olmuşdur. Eyni zamanda "Texnikabank"ın məcmu kapitalı 2,37 faiz artaraq 58,305 milyon manat, nizamnamə kapitalı 99,5 faiz artaraq 53,685 milyon manat təşkil etmişdir. Bu dövrdə bankın ümumi gəlirləri 10,435 milyon manat, xərcləri 9,926 milyon manat olmuşdur. Hazırda bankın aktivləri 446 milyon manat həcmindədir. 2010-cu ilin əvvəlindən bankda fiziki şəxslərin müddətli depozitləri 20,6 milyon manat artaraq 114,2 milyon manata çatmışdır. İlin əvvəlindən bankın gəlirləri 16,5 milyon manat, mənfəəti isə 1 milyon manatdan çox olmuşdur.
"Texnikabank"ın dinamik uğurlarını şərtləndirən mühüm amillərdən biri də fəaliyyətində şəffaflığın tam təmin edilməsidir. Bank qabaqcıl dünya təcrübəsinə yiyələnmək məqsədi ilə son illər audit, reytinq, risk və aktivlərin idarə edilməsi üzrə beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq edir. 2008-ci ildə "Temanos Qroup AG" İsveçrə şirkətinin sistem tədarükçüsü arasında T24 yeni əməliyyat bank sisteminin tətbiqinə dair saziş imzalanmış və sistem uğurla tətbiq olunmuşdur. Dünyanın 120 ölkəsində 600 maliyyə institutunda tətbiq olunmuş bu sistem bankın filial şəbəkəsinin keyfiyyətli inkişafına müsbət təsir göstərmiş, eləcə də əvvəllər tətbiq edə bilmədiyi bank xidmətlərini gerçəkləşdirməyə imkan yaratmışdır. Eyni zamanda "Texnikabank" ASC üzrə maliyyə sistemi daha da təkmilləşdirilmiş və beynəlxalq iqtisadi sistemə uyğunlaşdırılmışdır. Bu məqsədlə mühasibat uçotunun maliyyə hesabatlarının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını xüsusi qeyd etmək lazımdır. Bankda 2008-ci ildən mühasibat uçotu tam olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun aparılır.
"Texnikabank" ölkədə sahibkarlığa, o cümlədən bank sektoruna göstərilən yüksək diqqətin müqabilində üzərinə düşən məsuliyyəti düzgün müəyyənləşdirərək ölkə iqtisadiyyatının inkişafı prosesində yaxından iştirak edir. Başlıca məqsədimiz ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan kreditləşmə siyasəti həyata keçirmək, habelə sosial layihələrdə yaxından iştirak etməkdir. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində respublika iqtisadi həyatında sahibkarlığın rolu daha da güclənəcək, iş adamlarının fəaliyyətinə daha geniş imkanlar açılacaqdır.

Etibar ƏLİYEV,
"Texnikabank" Açıq
Səhmdar Cəmiyyətinin
Müşahidə Şurasının sədri,
iqtisad elmləri namizədi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar