Sərnişin qatarlarına internet vasitəsi ilə bilet almaq asanlaşdı
07 dekabr 2012 10:16 (UTC +04:00)

Sərnişin qatarlarına internet vasitəsi ilə bilet almaq asanlaşdı

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub.

Lent.az-ın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov deyib ki, “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 654 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 4 sentyabr 2012-ci ildə “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında müvafiq qərar qəbul edib.

Qurban Nəzirov bildirib ki, bu tələblərin məqsədi dövlət orqanlarının internet informasiya ehtiyatlarının proqram təminatının, dizaynının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsinə dair münasibətlərin müəyyən edilməsindən ibarətdir. Bu tələblərə uyğun olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) müasir standartlara uyğun olaraq daha da təkmilləşdirilib və bu gün ölkə ictimaiyyətinə təqdim olunur.

Sonra Məlumat-Hesablama Mərkəzinin kommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəisi Əfqan Məmmədov KİV nümayəndələrinə sayt haqqında ətraflı məlumat verib. O nəzərə çatdırıb ki, sayt “Ana səhifə”, “Haqqımızda”, “Rəhbərlik”, Struktur”, Departamentlər”, “Tariximiz” “Sərnişinlər üçün”, “Yük daşıma tarifləri”, “Media” (“Xəbərlər”, “Foto-arxiv”, “Video-qalereya), “Hərəkət cədvəli”, “Tariflər”, “Hüquqi sənədlər”, “Normativ sənədlər”, “Dəmiryolçu”-şəhidlər”, “Həmkarlar ittifaqı”, “Qan yaddaşımız”, “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi”, “Mətbuat orqanları” və digər linklərdən ibarətdir. Yeni saytda Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun saytlarına keçid var.

2011-ci il noyabrın 21-dən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsi vasitəsilə, onlayn rejimində satışına start verilib və 1 mart 2012-ci ildən Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq olunub. Saytın “Onlayn bilet satışı” bölməsinə daxil olmaqla vətəndaşlarımız internet vasitəsilə bilet almaq arzularını reallaşdıra bilərlər. “Video arxiv” bölməsində dəmir yolunun tarixini, inkişaf mərhələlərini özündə əks etdirən video-materiallar təqdim olunur.

Xatırladırıq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin internet saytı (www/.railway.gov.az) ilk dəfə 22 iyul 2010-cu ildə ictimaiyyətə təqdim olunub.

Ramiz
# 1324

Oxşar yazılar