Nazirlik saytını yenilədi
06 dekabr 2012 15:32 (UTC +04:00)

Nazirlik saytını yenilədi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəsmi saytının (www.mincom.gov.az) tam yenilənmiş versiyasını istifadəyə verib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, yeni saytın işə salınması 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə təsadüf edir.

Saytın işlənməsində ilk növbədə istifadə rahatlığı, naviqasiya sadəliyi, eləcə də müasir dizayn tendensiyaları, fərqli və nəzəri cəlb edəcək məhsul hazırlamaq arzusu olub. Hazırlıq prosesində dövlət strukturlarının saytlarına olan qanunvericilik tələbləri nəzərə alınıb və daha çox auditoriyanı cəlb etmək məqsədilə resurs üç dil - Azərbaycan, ingilis və rus versiyalarını təqdim edir.
Xüsusi diqqət cəmiyyətlə birbaşa əlaqəyə yönəlib, belə ki, saytın istənilən səhifəsinin ən yuxarı hissəsindən nazirliklə əlaqə yaratmaq olar. Sayt hər biri alt bölümə malik olan 6 əsas menyuya bölünür. Həmçinin əsas səhifədə həm ölkə, həm də ümumilikdə rayonlar üzrə sektorun maliyyə və iqtisadi göstəriciləri haqqında məlumat əldə etməyə imkan verən “İKT sektoru rəqəmlərdə” statistika bölməsi yerləşdirilib. Bundan başqa, burada respublikanın interaktiv xəritəsi də yerləşir. “Nazirlik” menyusunda rabitə və nazirliyin tarixi, əsasnaməsi, strukturu haqqında materiallar oxumaq, əməkdaşlar, onlarla əlaqə vasitələri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeli təşkilatları, şura və komitələri, kollegiyası, vakant vəzifələri və dövlət qulluqçularının etik davranışına aid məlumatlar əldə etmək mümkündür.

“Fəaliyyət” bölməsi adından da göründüyü kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və tabeli qurumların işinə həsr edilib. Bölmə telekommunikasiya, İT, poçt sektoru, televiziya və radio yayımı, beynəlxalq münasibətlər, tənzimləmə, radiotezlik spektri, yeni texnologiyalar, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu kimi yarımbölmələrə bölünüb. Burada həmçinin rabitə və İT sahəsindəki tariflərlə də tanış olmaq mümkündür. “E-xidmətlər” bölməsi nazirlik və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturlarının təqdim etdikləri elektron xidmətlərdən yararlanmağa imkan verir. İKT sahəsində milli və regional layihələrin həyata keçirilməsini nəzərə alaraq, saytda layihələrə həsr edilən ayrıca bölmə fəaliyyət göstərir. Buradan layihələr haqqında ümumi bilgilər, eləcə də görülən işlər, görüşlər, tədbirlər barədə məlumat əldə etmək olar. İKT sahəsinin normativ-hüquqi sənədlər bazasını əhatə edən “Qanunvericilik” vacib bloklardan hesab edilir. Burada qüvvədə olan sənədlərlə yanaşı, normativ aktların layihələri də dərc ediləcək.

Nəhayət, sonuncu əsas menyu “Media” bölməsidir. Burada həm istifadəçilər, həm də KİV nümayəndələri nazirliyin xəbərləri, press-relizləri və elanları ilə tanış ola, rəhbərliyin müsahibələrini oxuya, foto və videomateriallara baxa, eləcə də lazımi təsvirləri (loqotip, gerb və s.) müxtəlif qrafikalı formatlarda yükləyə bilərlər. Son tendensiyaları, internet cəmiyyətinin sosial şəbəkələrə marağını nəzərə alaraq, RİTN yeni saytın populyar sosial şəbəkələrə inteqrasiyasına çalışıb. Bütün səhifələri “Facebook”, “Twitter”, “Google +” sosial şəbəkələrində paylaşmaq imkanı yaradılıb, istənilən səhifəni elektron poçta göndərmək və çap etmək mümkündür. Saytda materiallara abunə, RSS, faydalı keçidlər səhifəsi, sürətli keçidlər, materiallar üzrə axtarış, nazirliyin xəritədə yerləşdiyi yer və s. kimi müasir funksiyalar dəsti də yer alıb.

Saytın hazırlanmasında təhlükəsizliyə və haker hücumlarının minimuma endirilməsinə, habelə resursun dözümlüyünə böyük diqqət yetirilib. Müşfiq Əmirov bildirib ki, sayt öz məqsədini – ictimaiyyətin maneəsiz məlumatlandırılmasını arzu olunan səviyyədə yerinə yetirəcəyinə əmindirlər: “Yeni rəsmi saytın istifadəçilər tərəfindən maraqla qarşılanacağına, nazirliklə əlaqədə mühüm rol oynayacağına ümid edirik”.
# 1033

Oxşar yazılar