“Doing Business 2013” hesabatı açıqlandı
23 oktyabr 2012 15:25 (UTC +04:00)

“Doing Business 2013” hesabatı açıqlandı

Oktyabrın 23-də Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business 2013” hesabatı açıqlanıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hesabatda 185 ölkə arasında 67-ci yerdə qərarlaşmış Azərbaycan bir sıra göstəricilər üzrə yenə də qabaqcıl ölkələr sırasındadır.

Keçən ilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117 iqtisadiyyatını geridə qoyurdusa, builki hesabatda belə ölkələrin sayı 118-dir. Bu ilki hesabatda “müəssisənin yaradılması” göstəricisi üzrə Azərbaycan 18-ci, “əmlakın qeydiyyatı” üzrə 9-cu yerdə qərarlaşıb. Hesabatda “əmlakın qeydiyyatı” göstərici üzrə Azərbaycan ilk onluğa daxil edilib və bu sahədə Böyük Britaniya, Malayziya və Yeni Zelandiya kimi qabaqcıl ölkələrlə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. “İnvestorların maraqlarının qorunması” göstəricisi üzrə 25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən, bu göstərici üzrə öz mövqeyini köklü surətdə yaxşılaşdırıb və bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olub. “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan kommersiya mübahisələrinə baxılma müddətinə görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi qeyd olunub. “Vergilərin ödənişi” göstəricisi üzrə Azərbaycan öz mövqeyini köklü surətdə yaxşılaşdıraraq, uğurlu islahatlar aparan ilk beş ölkə sırasına daxil edilib.


“Doing Business 2013” hesabatında biznes mühitin yaxşılaşdırılması sahəsində 2005-ci ildən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, ölkəmiz bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə sırasına daxil olaraq, bir çox ölkələri geridə qoyub. Görülən işlər və həyata keçirilməkdə olan tədbirlər ölkəmizin Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” hesabatında, eləcə də digər nüfuzlu təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmağa, investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına imkan yaradacaq. Bütün bunlar isə Azərbaycanın dünyada nüfuzunun artmasının, ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin təzahürüdür.
# 1587

Oxşar yazılar