İş adamı: “Macarıstanda qürur duydum ki, azərbaycanlıyam” - MÜSAHİBƏ
12 oktyabr 2012 18:35 (UTC +04:00)

İş adamı: “Macarıstanda qürur duydum ki, azərbaycanlıyam” - MÜSAHİBƏ

İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti 8-9 oktyabr tarixlərində Macarıstanda səfərdə olub. Nümayəndə heyətində Gədəbəy Mineral Suları MMC-nin həmtəsisçisi İlham Əliyev də yer alıb. Lent.az-a müsahibəsində bu səfərin məqsədindən və əhəmiyyətindən danışan Gədəbəy Mineral Suları MMC-nin həmtəsisçisi Macarıstanda Azərbaycana və azərbaycanlılara münasibətin də isti olduğunu söyləyir...

- Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində hansı tədbirlər, görüşlər keçirildi?

- Səfər çərçivəsində oktyabrın 8-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirildi. Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, tekstil, tikinti, İKT və digər sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edirdi. Macarıstanın dövlət katibi, Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu ifadə etdi, biznes forum, işgüzar görüş və investisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğuladı.
İqtisadi inkişaf nazirimiz, Birgə Komissiyanın həmsədri Şahin Mustafayev də Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu söylədi. O, Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərdiyini, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,6 dəfə artdığını, Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyətinin də xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Nazir kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə və maliyyə sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi, Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bu sahədə Macarıstan şirkətlərini fəal əməkdaşlığa dəvət etdi.
Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) sədri Erjebet Doboş Macarıstan iqtisadiyyatına, AZPROMO-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrə dair təqdimatlarla çıxış etdilər. Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Macarıstan İşverənlər və Sənayeçilər Konfederasiyası arasında, Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalandı. Bundan başqa, biznes forum zamanı Macarıstanın “Hartong-Malt KFT” şirkəti ilə Azərbaycanın “Prestij-Naxcivan Pivesi” şirkəti arasında pivə istehsalı üçün xammal təchizatına dair müqavilə imzalandı.
Oktyabrın 9-da Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçirildi, iclasının yekunlarına dair Protokol imzalandı. Sənədi Komissiyanın həmsədrləri - Şahin Mustafayev və Macarıstanın Dövlət Katibi Peter Siyarto imzaladılar. İclas çərçivəsində Komissiyanın həmsədrləri Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair saziş də imzaladılar. Macarıstana səfər çərçivəsində nümayəndə heyətimiz bir sıra görüşlər keçirdi. Xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Rüfət Məmmədov Macarıstanın aidiyyəti qurumlarının rəsmiləri ilə görüşdülər, əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi apardılar. Səfər çərçivəsində biz “İkarus” avtobuslarının istehsal edildiyi “Batta” sənaye parkında, “Hunland KFT” aqrar-sənaye kompleksində, “Dermeyi” makaron məmulatları fabrikində istehsal prosesi ilə tanış oldu. Səfərin sonunda mətbuat konfransı keçirildi, jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

- Bu səfər sizin üçün nə dərəcədə əhəmiyyətli idi?

- Gədəbəy Mineral Suları MMC su istehsalı ilə məşğul olan şirkətdir və Macarıstanda olduğum müddətdə bu sahədəki avadanlıqlarla maraqlandım. Sənaye parkına aparılan iş adamları arasında mən də vardım, Budapeştdən 50-60 kilometr uzaqlıqda yerləşirdi. Bu sənaye parkı ilə tanışlıq da maraqlı oldu. Belə qərara gəldik ki, Azərbaycanın Macarıstandakı səfirliyinin xətti ilə macar iş adamları ilə davamlı əlaqə quraq və müəssisəmiz üçün lazımi avadanlıqlar alaq.

- Gədəbəy Mineral Suları MMC-nin yaxın gələcəklə bağlı hansı planları var?

- Gədəbəy Mineral Suları MMC-nin birdəfəlik və təkrar istifadə olunan qablarda 19 litrlik sularının satışı üçün hələ Bakıda formalaşmış sistemi yoxdur. Hazırda bu məsələ üzərində çalışırıq və istəyirik ki, Avropada və Türkiyədə olduğu səviyyədə bir servis quraq. Tutaq ki, gün ərzində Bakıda və ümumən Azərbaycan ərazisində 10 min ədəd 19 litrlik qablarda su satıla bilər, ancaq bir hazırda bu qədər sata bilmirik. Bakıda belə servis yaratmaq üçün minimum 40 ədəd xüsusi maşın, uyğun kadrlar, satış proqramı lazımdır. Mərhələ-mərhələ bu işləri görmək istəyirik.

- Bu sahədə ilk addımı atmısınız?

- İlk addımı bu payız atmaq istəyirik. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan ofisi ilə əməkdaşlıq edirik və gələcəkdə 3-4 aylıq müddətə kredit götürmək fikrindəyik. Bu sahədə danışıqlar gedir. Kredit götürəndən sonra ilk növbədə suyun spesifik saxlanılma şəraitinə uyğun depo sistemi qurmaq fikrindəyik. Su 5-18 dərəcə temperaturda saxlanılmalıdır. Bizim hazırda öz yerimiz və depomuz yoxdur, Bakıda icarəyə götürmüşük. Fabriklə Bakının arası 500 kilometrdir, suyun Bakıya daşınması üçün də maşınlar icarəyə götürmüşük. Avropa Yenidənqurma və İnkişaf Bankından kredit götürəndən sonra su daşınması üçün böyük tutumlu maşınlar da almaq niyyətindəyik. Yəni suyun bu məsafədən standartlara uyğun daşınması üçün belə maşınlar lazımdır.

- Biznes məsələlərindən kənar da suallarımız var. Macarıstana səfəriniz Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və azadlığa buraxılmasından sonraya təsadüf etdi. Macarıstanda Azərbaycana və azərbaycanlılara münasibət necə idi?

- Mən bir neçə dəfə xarici ölkələrə belə səfərlərdə olmuşam. Bu dəfə Macarıstanda daha yüksək səviyyədə qarşılandıq. İki gün Macarıstanda olduq və bu müddət ərzində təhlükəsizliyimiz yüksək səviyyədə qorundu. Aeroportda düşəndə 15 polis maşını öndə, 15 polis maşını arxada, yanda da motosikletlərdə bizi müşahidə etdilər. Hətta oteldə qalacağımız otaqların qapılarına əvvəlcədən xüsusi polis möhürləri vurulmuşdu. Bu otaqlar əvvəlcədən yoxlanılmışdı və həmin möhürləri yalnız biz aça bilərdik, biz açdıq. Macarıstanda Azərbaycan nümayəndə heyəti tədbirlərə, görüşlərə, sənaye parklarına, fabrik və zavodlara gedəndə də polis bizi müşahidə edirdi.
Bir azərbaycanlı kimi qürur duydum. Görün ermənilərə necə zərbə endirmişik, bu zərbənin effektindən ermənilər necə qıcıqlanıblarsa, Macarıstanda bizi xüsusi mühafizə edirlər. Bu mənzərəni görmək mənim üçün çox xoş idi. Qürur duydum ki, hökumətimizin apardığı iş effekt verir. Macarıstanda qürur duydum ki, azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam.

- Sıravi macarların münasibətində nələr müşahidə etdiniz?

- Sadə macarlardan da çox xoş münasibət gördük. Onların arasında rus dilini bilənlər də çox idi. Macarıstanda bizi qarşılayan və bizimlə təmasda olan insanlardan xoş münasibət gördük.
Azərbaycanın bu uğurlarının başında hörmətli prezidentimiz durur. Ramil Səfərovun ekstradisiya edilməsi və azadlığa çıxması hər birimizi sevindirdi. Dünyada buna qarşı çıxanlar da var, ancaq dövlət başçımız, Azərbaycan hökuməti bu çətinliklərə sinə gərir. Qarabağımızı alacağımıza ümidim vardı, Macarıstanda olanda bu ümidim daha da gücləndi.

Ramiz Mikayıloğlu
# 2163

Oxşar yazılar