Azərbaycan-Özbəkistan Biznes Forumu keçirilib
11 oktyabr 2012 15:54 (UTC +04:00)

Azərbaycan-Özbəkistan Biznes Forumu keçirilib

Bu gün ölkəmizdə səfərdə olan Özbəkistan baş nazirinin müavini Uluqbek Rozukulov iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.


Görüşdə Şahin Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında təkmil qanunvericilik bazası yaradılıb və bu sahədə indiyədək 100-ə yaxın sənəd imzalanıb. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2011-ci ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb. İşgüzar səfərlərin, birgə biznes forumların və sərgilərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayan Şahin Mustafayev 2010-cu ilin noyabrında Özbəkistanda Azərbaycanın xarici ölkədə ilk Milli Sərgisinin, dekabr ayında isə Özbəkistanın ölkəmizdə Milli Sərgisinin keçirildiyini xatırladıb. Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə danışan iqtisadi inkişaf naziri qeyd edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir. 1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına 130 mlrd. dollar həcmində investisiya yatırılıb və bunun 50%-ni xarici investisiyalar təşkil edir.


Ölkəmizə səfərindən və Azərbaycanın davamlı iqtisadi inkişafından məmnunluğunu ifadə edən Uluqbek Rozukulov ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu dilə gətirib. Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tekstil, tikinti və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Biznes forumda çıxış edən Şahin Mustafayev Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb, özbəkistanlı iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib. Uluqbek Rozukulov isə çıxışında hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu bildirib. O, mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Özbəkistan və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib. Biznes forum çərçivəsində Özbəkistanın bir sıra şirkətlərinin təqdimatları da keçirilib. Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.
# 903

Oxşar yazılar