ARDNŞ-ə kənardan işçi qəbulu dayandırılıb
10 oktyabr 2012 18:39 (UTC +04:00)

ARDNŞ-ə kənardan işçi qəbulu dayandırılıb

ARDNŞ-in İnsan Resursları Departamentində şirkətin müəssisələrində aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq sərbəstləşdirilən işçilərin səmərəli yerləşdirilməsi məsələsinə həsr olunmuş görüş keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə bu günədək işlədikləri müəssisələrdə struktur dəyişiklikləri ilə əlaqədar sərbəstləşdirilmiş işçilərə mövcud vakansiyalar üzrə ixtisas və peşələrinə uyğun iş təklif olunub.

İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ARDNŞ-nin struktur bölmələrində sərbəstləşdirilən şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə boş iş yerlərinə kənardan işçi qəbulunun dayandırıldığı söyləyib, müəssisələrdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar sərbəstləşmiş işçilərə mövcud vakansiyalar üzrə iş təklif olunarkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin əsas kriteriya kimi nəzərə alındığını bildirib. Onun sözlərinə görə, qarşıya qoyulan əsas vəzifə hər bir işçinin ixtisas və peşəsinə uyğun vakansiyalar üzrə işlə təmin olunmasının obyektivlik, şəffaflıq və müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələbləri nəzərə alınaraq həyata keçirilməsini təmin etməkdir.

Görüş iştirakçılarını maraqlandıran suallar departamentin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. Sonda sərbəstləşdirilmiş işçilərin daha 33 nəfəri ixtisas və peşələrinə uyğun vakansiyalar üzrə iş yerləri ilə təmin olunub. Yeni iş yerlərindən razılıq bildirən vətəndaşlar öz çıxışlarında Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli də onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
# 1638

Oxşar yazılar