Macarıstan-Azərbaycan biznes forumu keçirilib
09 oktyabr 2012 13:02 (UTC +04:00)

Macarıstan-Azərbaycan biznes forumu keçirilib

İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Macarıstanda səfərdədir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində oktyabrın 8-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirilib.

Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, tekstil, tikinti, İKT və digər sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib. Macarıstanın dövlət katibi, Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu ifadə edib, biznes forum, işgüzar görüş və investisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb. O, hər iki ölkənin iqtisadi sahədə böyük potensiala malik olduğunu qeyd edib.

Birgə Komissiyanın həmsədri Şahin Mustafayev də Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,6 dəfə artıb. Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan və Macarıstan arasında siyasi, hüquqi və iqtisadi zəminin mövcud olduğunu qeyd edən Şahin Mustafayev kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə və maliyyə sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev bu sahədə Macarıstan şirkətlərini fəal əməkdaşlığa dəvət edib. O bildirib ki, həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli biznes və investisiya mühiti yaradılıb, ölkəmiz investisiya ixracatçısına çevrilib.

Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) sədri Erjebet Doboş Macarıstan iqtisadiyyatına, AZPROMO-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrə dair təqdimatlarla çıxış ediblər. Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə isə çıxışında ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində gənclər arasında işgüzar fəallığın artdığını vurğulayıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Macarıstan İşverənlər və Sənayeçilər Konfederasiyası arasında, Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bundan başqa, biznes forum zamanı Macarıstanın “Hartong-Malt KFT” şirkəti ilə Azərbaycanın “Prestij-Naxcivan Pivesi” şirkəti arasında pivə istehsalı üçün xammal təchizatına dair müqavilə imzalanıb. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Bu gün - oktyabrın 9-da isə Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçiriləcək. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.
# 1014

Oxşar yazılar