10 alimimizin əsərləri “Bilik şəbəkəsi”ndə yerləşdirilib
05 oktyabr 2012 10:39 (UTC +04:00)

10 alimimizin əsərləri “Bilik şəbəkəsi”ndə yerləşdirilib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Ə. Abbasov qeyd edib ki, 92 ölkədə 6500-dən çox elm ocağını birləşdirən “Thomson Reuters”in “Bilik şəbəkəsi” dünya üzrə alimlərin, elmi jurnalların, patent və elmi kəşflərin, texnoloji və innovasiya informasiyalarının obyektiv reytinqini tətbiq etməkdə əvəzsiz rol oynayır.

Nazir Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” jurnalının məlum şəbəkədə təmsil olunması və 10-a yaxın azərbaycanlı alimin elmi tədqiqatlarının həmin şəbəkədə yerləşdirilməsini yüksək qiymətləndirib və azərbaycanlı alimlərin “Bilik şəbəkəsi”ndə təmsil olunması sayəsində ölkəmizin elmi nailiyyətləri, aparılan tədqiqatlar barədə “Thomson Reuters” kimi mötəbər şirkət vasitəsi ilə dünyaya çatdırılmasını vacib və mühüm hadisə kimi qiymətləndirib.

“Thomson Reuters” şirkətinin vitse-prezidenti Keyt Makqreqor Bakıda keçirilən birgə elmi konfrans Azərbaycanda elmin inkişafına yeni bir təkan verəcək, “Thomson Reuters”in bazasına Azərbaycandan informasiya axınını təmin edəcək, elm və humanitar sahələrdə yeni istedadlı alimlərin aşkar olunması, onların dünya elm məkanına qoşulmasında müsbət rol oynayacaq.

Sonra “Thomson Reuters” “Bilik şəbəkəsi” bazasına Azərbaycanın çıxışının təmin edilməsi üzrə müqavilənin şərtləri müzakirə olunub.
# 829

Oxşar yazılar