FHN-dən tikinti şirkətlərinə xəbərdarlıq
26 sentyabr 2012 17:42 (UTC +04:00)

FHN-dən tikinti şirkətlərinə xəbərdarlıq

Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müşavirədə respublikada tikinti sektorundakı vəziyyət, lisenziyalaşdırma, bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması, problemlər və perspektiv məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin ciddi nailiyyətlər qazandığını, bunun nəticəsi olaraq tikinti sektorunda da sürətli inkişafa nail olunduğunu söyləyib. O, ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyinə toxunaraq, tikinti obyektlərində rast gəlinən çatışmazlıqlardan, həlli vacib məsələlərdən danışıb, bu sahədə təkliflərini dilə gətirib. Müşavirədə tikinti şirkətlərinin rəhbərlərinə bildirilib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib.

Müşavirə iştirakçılarının nəzərinə çatdırılıb ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edilib və onun təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun təsdiqlənib. Həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 13 sentyabr 2012-ci il tarixli 246s nömrəli qərarı ilə aidiyyəti dövlət orqanları, o cümlədən Fövqəladə Hallar Nazirliyinə müvafiq tapşırıqlar verilib və bununla bağlı lazımi tədbirlər həyata keçirilməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2615

Oxşar yazılar