Ruslar Azərbaycana 366 mln, azərbaycanlılar Rusiyaya 563 mln. dollar sərmayə qoyub
24 sentyabr 2012 16:24 (UTC +04:00)

Ruslar Azərbaycana 366 mln, azərbaycanlılar Rusiyaya 563 mln. dollar sərmayə qoyub

Bu gün Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini də ehtiramla yad edib.


Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Şahin Mustafayev ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını söyləyib. O, Azərbaycan-Rusiya siyasi-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyəti olduğunu bildirib. Azərbaycan və Rusiya arasında təkmil qanunvericilik bazası yaradılıb və indiyədək 160-dan çox sənəd imzalanıb. İqtisadi inkişaf naziri qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. 2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınıb.

Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 2002-2011-ci illərdə 366 mln. dollar həcmində investisiya yatırılıb. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə podratçı qismində iştirak edir. Son 10 ildə isə Azərbaycan tərəfindən Rusiyaya təqribən 563 mln. dollar həcmində investisiya qoyulub. Hazırda Azərbaycan şirkətləri Rusiyada uğurla fəaliyyət göstərirlər. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,8 mlrd. dollar təşkil edib, 2010-cu ilə nisbətən 47% artıb. Azərbaycan və Rusiya Federasiyasının regionları arasında da iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Şahin Mustafayev hazırda ölkəmizin Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq etdiyini bildirib. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında hökumətlərarası komissiyalar uğurla fəaliyyət göstərir, qarşılıqlı rəsmi və işgüzar səfərlər təşkil edilir, birgə biznes forum və sərgilər keçirilir.

Sergey Bojenov isə ölkələrimiz, eləcə də Azərbaycanla Rusiyanın regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tikinti, neft avadanlıqlarının istehsalı, metallurgiya və başqa sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib. Biznes forumda çıxış edən Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın dinamik inkişaf edən ölkəyə çevrildiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb, görülən genişmiqyaslı işlərin ölkəmizin iqtisadi imkanlarını daha da artırdığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub. Onun sözlərinə görə, bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Sergey Bojenov çıxışında hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Volqoqrad vilayəti və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib. Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verib. Volqoqrad vilayətinin İqtisadiyyat, Xarici İqtisadi Əlaqələr və İnvestisiyalar naziri Elvira Laqutina təmsil etdiyi ölkənin investisiya imkanları barədə danışıb. Biznes forum iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939

Oxşar yazılar