“Səba” İstehsalat müəssisəsi toyuqlar üçün yemi özü istehsal edir
21 sentyabr 2012 10:30 (UTC +04:00)

“Səba” İstehsalat müəssisəsi toyuqlar üçün yemi özü istehsal edir

“Səba” brendi yetişdirdiyi toyuqların yemini özü istehsal etməyə başlayıb. Lent.az-ın məlumatına görə, şirkət “Səba”nın Ağsu ərazisində yerləşən qarğıdalı sahələrini mətbuat nümayəndələrinə təqdim edib. Tədbirdə KİV nümayəndələri ilə yanaşı, Ağsu rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Elxan Abdullayev, “Səba” İstehsalat müəssisəsinin baş direktoru Zakir Əzimov, “Qarabağ-taxıl” şirkətinin direktoru Rəcəb Orucov və eyni zamanda İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev iştirak edib.

Tədbiri giriş sözü ilə açan baş direktor Z. Əzimov vurğulayıb ki, “Səba” Azərbaycandakı digər quşçuluq müəssislərindən fərqlənərək, özünə yem istehsalına başlamaqla, əkinçilikdə də bir sıra yeniliklər edib: “Qarğıdalı məhsullarının yığımı üçün gətirilmiş ABŞ istehsallı texnikadan ölkəmizdə çox yüksək nəticə gözlənilir. Suvarma sistemində istifadə olunan süni yağışyağdırma aqreqatları ölkə əkinçiliyində tətbiq edilən ən müasir üsullardandır”. Z. Əzimovun sözlərinə görə, bu il gözlənilən məhsul “Səba” toyuqlarının qarğıdalı dəninə olan illik tələbatının yarısını ödəyəcək. “Əminik ki, xaricdən əldə edilməsi yüksək məsrəflərlə başa gələn keyfiyyətli yemi özümüz istehsal etməklə, müəyyən vaxtdan sonra quş ətinin qiymətini aşağı salmağa nail olacağıq” - deyə, Z. Əzimov əlavə edib.

Daha sonra çıxış edən “Qarabağ-taxıl” şirkətinin direktoru R. Orucov bildirib ki, şirkətin qarğıdalı sahəsi Ağsu və Kürdəmir rayonları ərazisində yerləşir: “400 hektar sahəni əhatə edən ərazidən bu il 5 min ton məhsul gözlənilir. Onu da qeyd edim ki, Kür-Araz ovalığının iqlim şəraiti bizi ildə iki dəfə məhsul yığmağa imkan verir və biz gələn ildən işlərimizi bu istiqamətdə davam etdirəcəyik”.

“Bu cür layihələrin həyata keçirilməsi ölkəmizdə əhalinin ərzaq təminatının yaxşılaşdırılmasına xidmət edir”. Bunu çıxışı zamanı SKMF-nun icraçı direktoru Ş Abdullayev bildirib.

Fond rəhbəri dövlətin aqrar sektora diqqət və qayğısından da bəhs edib.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2204

Oxşar yazılar