Azərbaycan-Sloveniya biznes forumu keçirilib
19 sentyabr 2012 16:26 (UTC +04:00)

Azərbaycan-Sloveniya biznes forumu keçirilib

Bu gün Azərbaycanda səfərdə olan Sloveniya baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sloveniya nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini də ehtiramla yad edib.

Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, qazanılmış uğurlar barədə məlumat verib. O deyib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir. Ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolunun artdığını qeyd edən iqtisadi inkişaf naziri ÜDM istehsalının 80%-dən çoxunun özəl sektorun payına düşdüyünü nəzərə çatdırıb. Şahin Mustafayev bildirib ki, Azərbaycan və Sloveniya arasında əməkdaşlıq inkişaf edir, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanda yaradılacaq xüsusi iqtisadi zonalarda Sloveniya şirkətlərinin iştirakı imkanları müzakirə olunub. Radovan Zerjav isə Azərbaycanın davamlı iqtisadi inkişafının ölkəsində maraqla izləndiyini diqqətə çatdırıb, Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

Həmin gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, İKT, maliyyə, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edib. Şahin Mustafayev Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırıb. İqtisadi inkişaf naziri ölkələrin investisiya imkanlarına dair təqdimatların, eləcə də biznes forum və işgüzar görüşlərin sahibkarlar arasında əlaqələrin daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu dilə gətirib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Radovan Zerjav çıxışında hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Sloveniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb. O, Azərbaycan sahibkarlarını Sloveniyada həyata keçirilən investisiya layihələrində iştiraka dəvət edib. Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Sloveniyanın İqtisadi İnkişaf və Texnologiya Nazirliyinin Turizm və Beynəlxalq Əlaqələr üzrə direktoru Marjan Hribar isə təmsil etdiyi ölkənin investisiya imkanları və bu sahədə mövcud layihələr barədə məlumat verib. Tədbirdə iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra dövlət qurumlarında da görüşlər keçirib. Sloveniya nümayəndə heyəti səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və “İçəri şəhər”lə də tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar