Bakıda Neft, qaz və media konfransı keçirilir
18 sentyabr 2012 18:48 (UTC +04:00)

Bakıda Neft, qaz və media konfransı keçirilir

Lent.az-ın məlumatına görə, konfransda Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın 27 ölkəsindən 200-dən çox media nümayəndəsi qatılıb. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika kimi ölkələr də var.

Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun nitqi ilə başlayıb. Ə.Həsənov Azərbaycan Respublikası prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. BMİ-nin icraçı direktoru Alison Makkenzi çıxış edərək konfrans iştirakçılarını salamlayıb, Azərbaycan hökumətinə belə tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib. O, dünyada medianın vəziyyəti, neft, qaz və media münasibətlərinin hazırkı real mənzərəsindən danışıb. BMİ-nin idarə heyətinin üzvü, BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu konfransın Azərbaycanda keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Ölkəmizin qədim neft ölkəsi olduğunu deyən U.Rəhimoğlu Azərbaycanda medianın demokratik prinsiplər əsasında inkişafına dövlət tərəfindən çox böyük diqqət yetirildiyini bildirib. Azərbaycan Sənaye və Energetika naziri Natiq Əliyev çıxış edərək ölkəmizin neft, qaz strategiyasından danışaraq son illər beynəlxalq layihələrin həyata keçirilməsi sahəsində əldə edilən uğurlardan danışıb.

Bundan sonra BMİ-nin direktor müavini Antoni Millsin moderatorluğu ilə konfransın “Neft və Mətbuat azadlığı - Çirkli sularda buruq?” adlı 1-ci sessiyası işə başlayıb.

Günün ikinci yarısında isə “Risk və Mükafatlandırma”, “Məsələnin izlənilməsi (gündəmdə saxlanılması): Hökumət sizə nə deməlidir”, “Tədqiqat, çıxarma və təhlükəsizlik” adlı sessiyalar keçirilib. Sessiyalarda xarici mütəxəssislər, ekspertlər, jurnalistlərlə yanaşı azərbaycanlı tanınmış ekspertlər Vüqar Bayramov, İlham Şaban da iştirak ediblər.

Qeyd edək ki, tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri gəliblər. Dünyanın ən məşhur ali elm ocaqlarının - Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə çox məşhur professorları, aparıcı ekspertləri konfransa qatılıblar. CNN, “Reuters”, “Financial Times”, “Əl-Cəzirə”, “Forbes”, “The Dallas Morning News” kimi dünyanın aparıcı media qurumlarının çox nüfuzlu nümayəndələri də konfransın işində yaxından iştirak edirlər.

Xatırlatdı ki, konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) konfransa təşkilati, “Azeri Press” (APA) və “Trend” informasiya agentlikləri isə informasiya dəstəyi verir. Bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başlayıb.

Konfransa iştirakçıları dünən Səngəçal Neft Terminalına səfər etmiş, axşam isə Beynəlxalq Muğam Mərkəzində Ekvadorda baş vermiş fəlakətdən bəhs edən sənədli “Çağırış” filminə baxmışlar.

Konfrans işini sentyabrın 19-da davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383

Oxşar yazılar