Müəssisələrdə qanunsuz mallar aşkar edildi –
07 sentyabr 2012 11:32 (UTC +04:00)

Müəssisələrdə qanunsuz mallar aşkar edildi –

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bir sıra obyektlərdə monitorinqlər aparıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komitə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus “Bizim ailə” nişanlı süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Markalanmada normativ sənədlərin tələbi pozularaq nəticədə istehlakçılar aldadılır. Belə ki, istehsalda sırf quru süddən istifadə olunduğu halda, etiketlərdə “camış qatığı” kimi yanlış məlumatlar göstərilir. Aşkar olunan bu və digər nöqsanlarla əlaqədar protokol tərtib edilib.

Komitənin Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülnar Vəliyevaya məxsus şirniyyat sexində dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən olunub ki, şərq şirniyyatının təhlükəsizlik göstəricilərini təsdiq edən gigiyenik sertifikat və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən uyğunluq sertifikatı olmadan, həmçinin resepturasız məhsul istehsal olunur. Fiziki şəxs Gülnar Vəliyevaya məxsus sexdə şərq şirniyyatının istehsalı və satışı qadağan edilib.

Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında fəaliyyət göstərən “Şirvan Sənaye Kombinatı-2” ASC-də kərpicin istehsalına aparılan dövlət nəzarəti zamanı məlum olub ki, müəssisədə istehsal olunan şaquli dəlikli yüngül fabrik kərpiclərinin uyğunluq sertifikatı, radiasiya sınaq protokolu və hazır məhsulun sınaqlarının aparılması üçün laboratoriya ilə müqaviləsi yoxdur, istismar olunan 35 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş halda istifadə olunur. Müəssisədə həmin məhsulun istehsalına qadağa qoyulub.

Şəki Ərazi İdarəsi Qax şəhəri, M.Maqomayev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zəfər Abdullayevə məxsus alkoqolsuz içki istehsalı sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsul istehsalı üçün sanitar norma və qaydalar pozulduğundan heç bir şərait yoxdur, müəssisənin sınaq laboratoriyası mövcud deyil, bundan başqa akkreditasiya olunan laboratoriya ilə müqaviləsi də yoxdur. Həmçinin istifadə olunan şüşə butulkaların təkrar istifadəsində yuyulma texnologiyasına əməl olunmur, məhsulun sınaqları aparılmır, müəssisə normativ sənədlə təmin edilməyib.

Lənkəran rayonu, Xarxatan kəndində fəaliyyət göstərən “Xarxatan kərpic istehsal kooperativi”ndə keramik daş və kərpic istehsalına da dövlət nəzarəti aparılıb. Araşdırma zamanı istehsal olunan məhsulların AZS Milli sertifikatlaşdırma qaydalarına zidd olaraq sertifikatlaşdırılmadığı, istismar olunan ölçmə vasitələrinin qanunun tələblərinə zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi və s. müəyyən olunub. Aşkar olunan nöqsanlarla əlaqədar müəssisədə məhsul istehsalını qadağan edən tələbnamə, iradnamə verilib, inzibati protokol tərtib olunub. Araşdırma zamanı müəssisənin nümayəndəsi Hüseynov Famil Zakir oğlu tərəfindən dövlət müfəttişlərinə kobudluq göstərildiyinə və yoxlamaya aid sənədləri cırdığına görə protokol tərtib edilib, toplanan materiallar məsələyə hüquqi qiymət verilməsi məqsədilə Lənkəran rayonu prokurorluğuna təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2038

Oxşar yazılar