“Konstitusiya” Araşdırmalar Fondunun təklifləri qəbul olunub
06 sentyabr 2012 17:44 (UTC +04:00)

“Konstitusiya” Araşdırmalar Fondunun təklifləri qəbul olunub

“Konstitusiya” Araşdırmalar Fondu Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun “Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi” Proqramı üzrə “Dövlət orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin idarəetmə, şəffaflıq və keyfiyyətinin artırılması” layihəsini həyata keçirir. Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012 il tarixli Fərmanı ilə yaradılması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin ən yaxşı qabaqcıl təcrübəyə və müasir standartlara uyğun qurulmasına yardım göstərilməsi, bu mərkəzlərin fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılmasıdır.

Layihə çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Vahid pəncərə” modeli əsasında dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi ilə bağlı Brazilya, Almaniya, Kanada, Böyük Britaniya, Yunanıstan təcürbəsi öyrənilib. Həmçinin, MDB ölkələrindən Rusiya, Qazaxıstan, Qırğızıstan təcrübəsində “vahid pəncərə” modelinin necə fəaliyyət göstərdiyi araşdırılıb. Beynəlxalq təcrübənin öyrənilməsi əsasında ən yaxşı nümunələrin Azərbaycanda tətbiqi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin müasir standartlara uyğun qurulması məqsədilə Təkliflər paketı hazırlanıb. Təkliflər Paketinə “ASAN xidmət” mərkəzlərinin işinin asanlığının qiymətləndirilməsi ilə bağlı meyarlar, ilk vaxtlarda hansı xidmətlərin göstərilməsi, xidmət standartları, Mərkəzlərin yerləşməsi, təşkili, onlayn xidmər göstərilməsi, telefon-məsləhət xidmətinin təşkili, iş yükü ilə bağlı konkret tövsiyələr daxildir. Eyni zamanda Mərkəzlərə müraciət edəcək vətəndaşların rahatlığının təmin olunması ilə bağlı hansı zəruri standartlara riayət olunması barədə təkliflər də bu paketdə əks olunub.

Artıq Fondun həyata keçirdiyi layihə çərçivəsində “Vahid pəncərə” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi və “ASAN xidmət” mərkəzlərinin necə fəaliyyət göstərəcəyi ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə ANS TV-nin efirində yayımlanan “İqtisadi Forum” verilişinin bir buraxılışı bu mövzuda çəkilib. Veriliş efirə, 8 sentyabrda, şənbə günü saat 13.20-də efirə veriləcək Eyni zamanda iki regional kanalda da bu mövzuda verilişlərin hazırlanması nəzərdə tutulub.

“Konstitusiya” Araşdırmalar Fondunun hazırladığı Beynəlxalq təcrübənin təhlili ilə bağlı Analitik icmal və Təkliflər Paketi ilə Fondun saytında bu link vasitəsilə http://kafondu.com/index.php?newsid=467 tanış olmaq olar. Eyni zamanda Təkliflər Paketi barədə ətraflı məlumat almaq üçün QHT-lərin Antikorrupsiya Şəbəkəsinin saytına müraciət edə bilərsiniz-http://anticornet.az/az/index.php?newsid=1367
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851

Oxşar yazılar