«20 Yanvar»-«Dərnəgül» metro xətti yenidən bağlanacaq
27 avqust 2012 16:12 (UTC +04:00)

«20 Yanvar»-«Dərnəgül» metro xətti yenidən bağlanacaq

Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib. Onun sözlərinə görə, hələlik metro xəttinin hansı tarixlərdə bağlanacağı dəqiq müəyyənləşməyib: «Lakin bu həftə ərzində «20 Yanvar»-«Dərnəgül» sahəsi müvəqqəti olaraq növbəti və sonuncu dəfə bağlanacaq. Çox güman ki, bu, istirahət günlərinə təsadüf edəcək. Belə ki, məhz həmin günlərdə metropolitendən istifadə edənlərin sayı bir qədər az olur».





E.Muradov onu da əlavə edib ki, «20 Yanvar»-«Dərnəgül» sahəsinin bağlanması yeni stansiyaların tikintisi ilə əlaqədardır: «Sözügedən sahə bu dəfə də təxminən 3 gün müddətinə bağlanacaq. Nəticədə, «20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyaları sərnişinlərə xidmət göstərməyəcək».

Sərnişinlər metronun «Həzi Aslanov»-«İçərişəhər» və «Həzi Aslanov»-«İnşaatçılar» istiqamətində və geriyə olmaqla, metropolitenin xidmətindən istifadə edə biləcəklər.





Qeyd edək ki, avqustun 9-da saat 22:00-dan etibarən Bakı Metropoliteninin müvəqqəti bağlanmış «20 Yanvar»-«Dərnəgül» sahəsinin fəaliyyəti avqustun 13-ü saat 06:00-da bərpa olunub.





Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin 18 mart 2011-ci ildə imzaladığı «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» və «Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Bənövşəyi xəttin «Memar Əcəmi-2» stansiyası 2013-cü ildə istismara verilməlidir. Hazırda həmin xəttin «Memar Əcəmi-2» və Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyaları arasındakı tunellər inşa olunur. Bu tunel istismarda olan Yaşıl xəttin «Memar Əcəmi» stansiyasının altından keçəcək. Layihəçi və tikintini aparan təşkilatlar inşaat işlərinin risksiz yerinə yetirilməsi və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə qatarların hərəkətinin dayandırılmasını təklif ediblər. Bu cür üsullar tunel tikintisində geniş tətbiq olunur və bu zaman əsas vəzifə məhz sərnişinlərin təhlükəsizliyidir.



Onu da əlavə edək ki, hazırda Bənövşəyi xəttinin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarının inşası davam etdirilir. Bu iki stansiya arasındakı hər biri 2 min metr olmaqla tunellərin tikintisi müasir tunelqazma qurğuları vasitəsilə tamamlanıb. Hazırda tunelqazma qurğularının «B-3» stansiyası (Ceyhun Səlimov küçəsi) istiqamətində hərəkət etməsi üçün məhz iki xətt arasındakı qeyd olunan hissə qazılaraq keçilməlidir.



İnşa olunan «Memar Əcəmi-2» stansiyası Bənövşəyi xətdən Yaşıl xəttin «Memar Əcəmi» stansiyasına keçid funksiyasını yerinə yetirəcək.



Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2826

Oxşar yazılar